Şamaxı rayonunda, bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük inkişaf müşahidə olunmaqdadır. Rayonun yeniyetmə və gəncləri müxtəlif idman yarışlarında iştirak etməklə Azərbaycanın müqəddəs üçrəngli bayrağını yüksəklərə qaldırır, onun qürurla dalğalanmasından fərəh hissi keçirirlər. Bu, həm də vətənpərvərlik hissinin yüksək tərənnümü kimi də dəyərləndirilir.
Belə ki, bu dəfə də Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şamaxının idmançı yeniyetmələri və gəncləri tərəfindən fərəh və qürur hissi ilə yüksəklərə qaldırılıb. Rayonda idmanını inkişaf etdirmək məqsədi ilə gerçəkləşdirilən voleybol üzrə idman yarışı məhz Bayraq Gününə həsr edilmişdir. Şamaxıda voleybol idman növü üzrə şəhər birinciliyində bir çox insan bu yarışa qatılaraq, öz məharətlərini göstəriblər. Qeyd edək ki, voleybol üzrə keçirilən şəhər birinciliyi Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı, Şamaxı rayon gənclər və idman idarəsi, rayonun təhsil şöbəsi və Olimpiya Mərkəzi təşkilatları tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. Yarışlardan öncə, şəhər birinciliyinin təşkilatçıları və iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi hissəsində ucaldılmış abidəsi önünə gedərək, abidənin önünə tər çiçəklər düzüblər.
Onu da qeyd edək ki, şəhər birinciliyi üzrə təşkil edilmiş yarışın özəlliyi ondan ibarət olub ki, bu yarış olimpiya sistemi üzrə təşkil olunmuşdur. Baş tutan yarışda üç təhsil müəssisəsi daha fəallıq nümayiş etdirərək, qalibiyyət pyedestalının üç yerini bölüşdürüb. Belə ki, voleybol üzrə şəhər birinciliyinin qalibi Şamaxı texniki, humanitar, və təbiət fənləri təmayüllü internat tipli liseyi göstərdiyi yüksək səviyyəli oyununa görə birinci yerə, üç saylı orta məktəb ikinci yerə, doqquz orta məktəb isə üçüncü yerlərə layiq görülmüşlər. Hər üç qalib komandanın üzvləri YAP Şamaxı rayon təşkilatı, Şamaxı rayon gənclər və idman idarəsi, rayonun təhsil şöbəsi və Olimpiya Mərkəzi tərəfindən diplom kubok və medallarla təltif olunublar. Qaliblər Azərbaycanın üçrəngli bayrağını başları üzərinə qaldıraraq, öz sevinc hisslərini birlikdə bölüşüblər.
R.RƏSULOV