PDF Oxu

Sosial

  • 42

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Dünən YAP Xaçmaz rayon təşkilatının VII konfransı keçirildi. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzdülər. Rayon mədəniyyət evində keçirilən konfransı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev tədbirin gündəliyini elan etdi.

Konfrans iştirakçıları gündəliyi təsdiq etdikdən sonra YAP Xaçmaz rayon təşkilatının sədri N.Ağayev hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, YAP Xaçmaz rayon təşkilatının VII konfransı çox əlamətdar hadisələrlə zəngin bir dövrə təsadüf edir: "Yaxın günlərdə-oktyabr ayının 18-də xalqımız öz müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənə ilə qeyd etdi. Bu günlərdə xalqımızın böyük sevincinə səbəb olan bir xəbər - Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi hər birimizin qəlbində böyük iftixar və qürur hissi oyatdı. Bu, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının müstəqillik dövründə həyata keçirdiyi uğurlu siyasətin növbəti ən böyük qələbəsidir. Müstəqilliyimizin 20 illik yubileyini qeyd etdiyimiz bir dövrdə qürurla deyə bilərik ki, Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sarsılmaz təməl üzərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik şəkildə sürətlə inkişaf edir. Bu illər ərzində Azərbaycan dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi bir inkişaf yolu keçmişdir. Ölkəmizin regionlarının hərtərəfli inkişafı isə bu gün ən prioritet sahə kimi qəbul olunmuşdur".

N.Ağayev sentyabr ayının 23-də ölkə Prezidenti İlham Əliyevin rayona səfərinin xaçmazlılar üçün unudulmaz tarixi gün olduğunu söylədi: "Dövlət başçısının rayonumuza səfəri zamanı Xaçmaz rayonunda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu, əsaslı təmirdən sonra mərkəzi rayon xəstəxanasının açılışını həyata keçirdi. Daha sonra ölkə başçımız əsaslı şəkildə yenidən qurulmuş Şəxsiyyətlər Muzeyi ilə tanış oldu, rayonun Şahmat Məktəbinin, Xalça Muzeyinin, uşaq və gənclər kitabxanalarının açılışını həyata keçirdi, 5 hektar ərazidə yeni yaradılmış Heydər Əliyev Seyrəngahı ilə tanış oldu və Müdafiə Sənayesi Nazirliyinin ən müasir texnologiyalara əsaslanan Xaçmaz kondensator zavodunun açılışını həyata keçirdi. Rayonumuza gəlişi ilə möhtərəm Prezidentimiz, hər dəfə olduğu kimi, bütün xaçmazlılara hədsiz sevinc hissləri yaşatdı. Danılmaz bir həqiqətdir ki, sadalanan obyektlərin hər biri məhz ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ərsəyə gəlmişdir. Buna görə də rayonumuzun əhalisi adından Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ən dərin minnətdarlığımızı bildiririk. Həmçinin, ölkə Prezidentimizin rayon ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşü zamanı "Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib və burada görülən işlərə böyük məhəbbətlə, zövqlə yanaşılıb" sözlərini söyləyərək rayonumuzda görülən işlərə yüksək qiymət verməsi, hər bir xaçmazlının qəlbində böyük iftixar hissi oyatmaqla bizi daha yaxşı işləməyə, əhalimizə daha faydalı xidmət etməyə ruhlandırır".

YAP Xaçmaz rayon təşkilatının sədri onu da vurğuladı ki, YAP Mərkəzi Aparatının rəhbərliyi tərəfindən verilən təlimat və göstərişlərə yüksək səviyyədə əməl etməyə çalışdıqlarını, ölkənin bütün siyasi proseslərində partiya üzvlərinin fəal iştirakını təmin etmək məqsədi ilə tövsiyə olunan tədbirlər uğurla həyata keçirilmiş, siyasi kampaniyalarda YAP-ın mütləq qələbəsi təmin edilmişdir.

Hesabat dövründə partiyanın boy sırasının artdığını deyən N.Ağayev bildirdi ki, bu müddət ərzində 3000 nəfər partiya sıralarına qəbul edilmişdir: "Təşkilatımıza 7000-ci üzvün qəbulu 2010-cu ilin dekabr ayının 24-nə möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin doğum günü ilə üst-üstə düşməsi təşkilatımız tərəfindən təntənə ilə qeyd edildi".

Konfransa 320 nümayəndə seçilmişdir ki, onlardan 108 nəfəri qadın, 89 nəfəri gənclər olmaqla, 253 nəfəri ali təhsillidir.

Hesabat məruzəsi ilə YAP Xaçmaz rayon təşkilatının sədri çıxış edərək VI konfransdan keçən müddət ərzində təşkilatın fəaliyyəti haqqında geniş məlumat verdi və qarşıda duran əsas vəzifələr barədə konfrans iştirakçılarını məlumatlandırdı. Natiq ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, həmin siyasətin nəticələrindən, əldə olunmuş uğurlardan bəhs etdi.

Konfransda partiya fəallarından Sevinc Sədullayeva, Zaur Şərifov, Tahirə Kərimova, Sərxan Qəribov, Elman Allahyarov çıxış edərək vurğuladılar ki, bu gün ölkədə ən qüdrətli siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının sıraları getdikcə artır, Azərbaycan xalqı YAP-a, onun çevik siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevinsiyasi kursunu ləyaqətlə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə inanır və onun ətrafında sıx birləşdiklərini hər an nümayiş etdirirlər: "YAP-ın üzvü olmaq müasir zamanımızda hər kəs üçün həm məsuliyyətdir, həm də fəal vətəndaşlıq mövqeyinin sərgilənməsi deməkdir".

Konfransın işində iştirak edən YAP İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov çıxış edərək bildirdi ki, YAP Xaçmaz rayon təşkilatı öncül ilk təşkilatlarımızdandır: "Həmişə ictimai-siyasi kampaniyalarda fərqlənib. YAP yarandığı tarixdən ölkəmizin inkişafında müstəsna əməyi olan siyasi təşkilatdır. Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyası öz sıralarında Azərbaycan cəmiyyətinin ən avanqard qüvvələrini birləşdirir. Təkcə bu faktın özü Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu və layiqli yerini göstərir".

S.Novruzov, eyni zamanda, müstəqilliyimizin 20-ci ildönümündə qazanılan nailiyyətlərdən, Azərbaycan dövlətinin inkişaf etmiş ölkələrlə müqayisə olunmasından, son 10 ildə dövlət büdcəsinin 23 dəfə artmasından, ölkəmizin iqtisadi qüdrətindən, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu, müstəqil, xarici və daxili siyasətindən, respublikada o cümlədən, Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq işlərindən danışdı.

Konfransda, həmçinin, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Xaçmaz rayonundan Milli Məclisə üzv seçilmiş İlham Əliyev, Arif Əşrəfov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək partiyanın yaranma zərurətindən, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevin xidmətlərindən, dövlətimizin dünənki, bugünkü inkişafından, ölkə Prezidenti İlham Əliyevin apardığı ardıcıl uğurlu siyasətin nəticələrindən danışdılar.

Konfransın sonunda Nazim Əsəd oğlu Ağayev yekdilliklə yenidən YAP Xaçmaz rayon təşkilatının sədri seçildi. Həmçinin, 45 nəfərdən ibarət şura, 15 nəfərdən ibarət idarə heyəti, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Eyni zamanda, konfransın qətnaməsi qəbul olundu.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər