Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon Azərbaycan Dövlət Tibb Universitetinin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Sabir Əliyev yığıncağın gündəliyində duran əsas məsələləri diqqətə çatdırdı. Hesabat məruzəsi ilə çıxış edən S.Əliyev bu yığıncağın Azərbaycanın Dövlət Müstəqilliyinin 20 illiyinə təsadüf etdiyini vurğulayaraq müstəqil dövlətin uğur və nailiyyətlərini nəzərə çatdırdı. O bildirdi ki, bu illər ərzində YAP uğurlu yollar keçərək formalaşmışdır və dövlətçiliyin möhkəmlənməsində müstəsna xidmətə malikdir. Müstəqilliyin ilk illərdə Azərbaycanda mövcud olan ictimai-siyasi prosesləri diqqətə çəkən təşkilat sədri Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını və bu böyük tarixi hadisədən sonra bir sıra layihələrin reallaşmasının nəticəsi olaraq Azərbaycanın mövcud vəziyyətdən xilas olunduğunu bildirdi.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Əhliman Əmiraslanov bildirdi ki, universitetin böyük hissəsi YAP-ın sıralarına daxil olub: "Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, məhz insanların bu partiyaya olan inamını artırıb. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar Azərbaycandakı inkişafa həsəd aparırlar." O, universitetin həyatında rola malik olan təşkilatın uğur və nailiyyətlərindən danışdı.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova ötən 5 il ərzində ərazi ilk partiya təşkilatının gördüyü işləri qiymətləndirərək, təşkilatın rayon ərazisində əsas özəklərdən olduğunu söylədi. Təşkilat 2006-cı ildən bu günə qədər böyük işlər görmüş, Azərbaycanın ictimai-siyasi həyatında parlament, referendum, bələdiyyə, prezident seçkilərində fəal mövqe nümayiş etdirmişlər. Məlahət xanım YAP-ın nüfuzuna nəzər salaraq, müasir həyatımızda Almaniya, Fransa, Rumıniya, Asiya və digər dövlətlərlə sıx əməkdaşlıq qurduğunu söylədi.
Hesabat-seçki yığıncağında çıxış edən universitetin professoru Surxay Musayev, Tələbə Gənclər Təşkilatının sədri Qail Qasımov, YAP Qadınlar Şurasının sədri Məhbubə Vəliyeva və başqaları YAP-ın yaranma tarixindən, əldə olun nailiyyətlərdən söz açdılar. Çıxışlar sona yetdikdən sonra Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının qərar layihəsi oxundu və təşkilati məsələlərə baxıldı. 13 nəfərdən ibarət idarə heyətinə üzvlər seçildi. Açıq səsvermə yolu ilə təşkilatın sədri vəzifəsinə Sabir Əliyev seçildi. YAP Nəsimi rayon təşkilatının 8-ci konfransına nümayəndələr seçildi.
NƏZAKƏT ƏLƏDDİNQIZI