Son vaxtlar Azərbaycan dövləti və xaricdə yaşayan azərbaycanlılar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, erməni təbliğatının zərərsizləşdirilməsində böyük uğurlar əldə ediblər. Bu isə bəzi dairələri yaman narahat edir və "sapı özümüzdən olan baltalar"dan yararlanma siyasətinə start verərək, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmağa çalışırlar. Xarici ölkələrdə Azərbaycan əleyhinə mübarizə aparan soydaşlarımızdan biri də Türkiyənin bəzi aşağı səviyyəli saytlarında ölkəmiz əleyhinə ağlına gələni yazan Cahid Kılıc adlı birisidir.
Cahid Kılıc- "sapı özümüzdən olan qılınc"
Milli mənşəyi bilinməyən siyasi və dini mənsubiyyəti naməlum olan bir yazar çıxıb tanınmayan saytlarda xalqa ağıl öyrədir, yəni "Məkkədən gələnlərə Məkkədən xəbər verir". Bu Cahid deyilən şəxsin iddiaları tam absurddur. Çünki Azərbayanda real mətbuat və söz azadlığının olduğunu hər bir azərbaycanlı bilir.
9 milyon əhalisi olan ölkədə 3 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır, bəs bunlar mətbuat azadlığı deyil, nədir?
Ölkə mətbuatını izləyəndə, görməmək mümkün deyil ki, Azərbaycanda tam bir mətbuat azadlığı var. Əgər olmasaydı, bu qədər qərəzli jurnalist, bu qədər müxalifət qəzetləri, bu qədər təhqir, böhtan və şantaj xarakterli yazılar maneəsiz tirajlanmazdı. Sadəcə, bəziləri istəyir ki, media sahəsində tam anarxiya yaransın və nəticədə rüşvətalma, təhqir və şantaja görə cəzasız qalsınlar. Belə bir analogiya dünyanın heç bir ölkəsində yoxdur. Örnək kimi gördüyünüz Avropa və Amerikada hər ay onlarla jurnalist qanunsuz əməlinə görə qanuni olaraq cəzalandırılır, onlarla jurnalist qətlə yetirilir, onlarla media qurumu haqda sərt cəza tədbirləri görülür. İnanmırsız açın baxın xarici mətbuatı və müqayisə edin- hansı ölkədə jurnalistlər təzyiqə məruz qalmırlar, Azərbaycanda yoxsa, dediyiniz ölkələrdə.
Özlərini "demokratiyanın beşikləri" kimi təqdim edən ABŞ və Böyük Britaniyada son aylarda baş verən hadisələr zamanı etiraz aksiyalarından insanlara necə divan tutulduğunu, minlərlə vətəndaşın, o cümlədən, jurnalistlərin, bloggerlərin necə həbs olunduğunu, öldürüldüyünü, təzyiqlərə məruz qaldığını hər kəs bilir. Türkiyədə də həbs olunan media nümayəndələrinin sayı artır. Bu ölkədə həbsdə olan media mənsublarının sayı 50-dən çoxdur. Onların hamısı Türkiyədəki mövcud hökumətə qarşı müxalif mövqedədir.
Yeri gəlmişkən, gəlin söz azadlığı və jurnalistlərlə bağlı
Dünya ölkələrində yüngülvari monitorinq aparaq
Öncə ötən illə bağlı bəzi rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. "Sərhədsiz Reportyorlar" Təşkilatının 2010-cu il Mətbuat Azadlığı hesabatına görə, 2010-cu ildə dünyada 57 jurnalist öldürülüb, 51 jurnalist oğurlanıb, 533-ü həbs edilib. 1374 jurnalistə hədə-qorxu gəlinib və ya psixi təzyiqə məruz qalıb. 504 media orqanı senzuraya məruz qalıb. 127 jurnalist ölkəsindən qaçıb.
Beynəlxalq Mətbuat İnstitutunun məruzəsində isə bildirilir ki, hazırda mətbuat nümayəndələri üçün ən təhlükəli qitə Amerikadır. Ötən il orada ən azı 20 jurnalist öldürülüb. Ötən il Asiyada 20, Afrikada 10 jurnalist öldürülüb.
Misirdə və digər ərəb ölkələrində də öldürülən jurnalistlər var. ABŞ-ın İraqa müdaxiləsindən bəri bu ölkədə öldürülən jurnalist sayının 230 olduğu açıqlanıb. Ötən ilin dekabrında Fransada məşhur jurnalist "Le Parisien" nəşrinin sabiq siyasi şərhçisi, "FR3" radiosunun əməkdaşı Bernar Mazner qətlə yetirilib. 2010-cu ildə oğurlanan jurnalistlərin sayı artmaqda davam edib. Onları oğurlayanların tutulması və cəzalandırılması faktları isə azdır.
Ötən il, həmçinin, internet yazarlar və bloggerlər üçün də təhlükəli olub. Məsələn, ötən il 152 blogger və internet yazarı həbs olunub, 52-si döyülüb. 62 ölkədə internetə senzura qoyulub.
Beləliklə, beynəlxalq təşkilatların rəqəmlərinə əsasən, 2010-cu ildə jurnalistləri öldürmək, həbs etmək, oğurlamaq, fiziki təzyiqə məruz qoymaq, mətbuata senzura etmək halları artıb.
Azərbaycanda mətbuat azadlığı
Yuxarıda göstərdiyimiz faktlardan Azərbaycanın payına düşən yoxdur. Bizim ölkədə ötən il heç kim jurnalist fəaliyyətinə görə öldürülməyib, oğurlanmayıb, heç bir media orqanı bağlanmayıb, ya da senzura qoyulmayıb.
Azərbaycanda həbsdə olanlar isə jurnalist fəaliyyətinə görə yox, konkret qanun pozuntusuna görə həbs ediliblər. Dünyanın heç bir ölkəsində cinayət törədən şəxsin jurnalist olduğuna görə, məsuliyyətdən azad edilməsi ilə bağlı qanun yoxdur.
Cahid Kılıc və onun kimiləri yaxşı bilir ki, media azadlığı dedikdə, cibinə bir jurnalist vəsiqəsi qoyub cinayət törətmək nəzərdə tutulmur. Bəs o zaman nədən konkret cinayət əməlinə görə haqlarında qanuni tədbir görülən 1-2 nəfərin jurnalist olduğu həbs olunanda yada düşür. İndi hər kəs nəsə yazıb hardasa çap etdirir, bu, o demək deyil ki, həmin şəxs qanunu pozanda cəzalanmamalıdır.
Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətinin tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar. Belələri cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya həşir çəkirlər ki, vay qoymayın, məni jurnalist olduğuma görə həbs ediblər.
Görün vəziyyət, yəni mətbuat azadlığı nə yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə də, qəzetlər yazır ki, bəs filankəs jurnalist olduğuna görə buraxılmalıdır. İri məbləğdə rüşvət tələb etdiyi və ya aldığı yerdə yaxalanan jurnalistlərin həmkarları tərəfindən müdafiəsi isə lap təəccüblüdür. Deməli, həmin yazarlar da onun tayıdır və onun prinsipləri ilə işləyirlər.
Azərbaycanda hər il bahar olur
Cahid Kılıc kimilərə gəldikdə, deməliyik ki, bu adam hər şeyi qara rəngdə görənlərin və göstərənlərin təsirinə düşüb. Azərbaycan mediası adına bu xalqa heç bir dəxli olmayan "Azadlıq" radiosu, "Yeni Müsavat" və "Azadlıq" qəzetləri kimi provakatorluq mərkəzlərini izləyən birisindən obyektiv düşüncə gözləmək olmaz.
Cənab Kılıc əgər Azərbaycana gəlib hər şeyi öz gözləri ilə görmək imkanı yoxdursa, o zaman arada bir ölkəmizin nüfuzlu televiziyalarını, informasiya agnetliklərini, qəzet-jurnallarını izləsə gerçəklərdən hali olardı. Amma deyəsən, onun kimilərə belə sərf eləmir, çünki tapşırıq "yuxarı" yerdəndir və müzakirəsiz qəbul olunmalıdır!
Adam iddia edir ki, guya neft pullarının necə xərcləndiyini heç kim bilmir. Amma xəbəri yoxdur ki, Azərbaycan Dövlət Neft Fondu beynəlxalq təşkilatların reytinqində dünyanın ən şəffaf qurumlarından biri kimi mükafatlara layiq görülüb.
"Azərbaycan baharı" adı qoyduğu sayıqlamalarla ölkəmizi geridə qalmış ərəb ölkələri ilə müqayisə edən "soydaşımız"ın nəzərinə çatdıraq ki, narahat olmasın- düzdür, indi payızdır, amma Azərbaycanda hər il bahar olur- mart, aprel, may aylarında burada gözəl hava və gözəl təbiət olur.
Bir zəhmət, gələn Novruz bayramında gəlin Azərbaycana və əsil bahar necə olur görün! Görün ki, bizə yad baharı lazım deyil, öz baharımız hamısından gözəldir, cənab Kılıc!
Elçin Bayramlı