Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Fransanın Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə "Xəzər enerjisinin Avropa perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın məqsədi iqtisadi və siyasi məsələlər daxil olmaqla Avropa-Xəzər dənizi enerji layihələrinin inkişafına kompleks nəzər yetirmək, regionda Azərbaycanın mövqeyini təhlil etməkdir. Konfransda Cənub-Şərqi Avropa regionunun enerji təminatı, Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın oynadığı rolu, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Beynəlxalq konfransda ARDNŞ-in vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun icraçı vitse-prezidenti Dominik David, İFRİ-nin enerji mərkəzinin baş müşaviri səfir Vilyam Ramsey, Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun prezidenti Gul Luft, Enerji Strategiyası üzrə Rusiya İnstitutunun direktor müavini Aleksey Qromov, Rusiya Elmlər Akademiyası nəzdində Avropa İnstitutunun Enerji Mərkəzinin rəhbəri Aleksey Xaytun, Baxçaşəhər Universitetinin (Türkiyə) professoru Mert Bilgin və digər ekspertlər çıxış edəcəklər.