1news.az-ın redaksiyasına Azərbaycanın elmi ziyalılarının nümayəndələrinin açıq məktubu daxil olub. Məktub Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kafedra müdiri Rafiq Əliyevin vəzifəsindən çıxarılması barədə son vaxtlar şişirdilən xəbərlərlə bağlı müəlliflərin mövqeyini əks etdirir. SİA həmin məktubun mətnini olduğu kimi təqdim edir.
"Məlum olduğu kimi, kağızın hər şeyə dözdüyünə biz bir növ artıq öyrəşmişik. Ələlxüsus, bu kağızda guya yüksək siyasət naminə cızma-qara yazılırsa. Belə olan halda daha virtual məkandan nə danışmaq olar? Virtual məkanda nə qədər zir-zibil olduğunu yalnız o özü bilir. Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən azad edilməsindən sonra başımızın üstünü alan informasiya selindəki son damla Eldar Namazovun bəyanatı olmuşdur. Bəyanatda deyilir ki, Rafiq Əliyev dəfələrlə Nobel mükafatına namizəd irəli sürülmüşdür. Axı, belə ağ yalana nə ehtiyac var?
Bax, burada səbir kasamız aşıb-daşdı. Məgər zəmanəmizin bu qəhrəmanı ilə bağlı hadisələri heç kəs xatırlamır? Lakin Allaha şükürlər olsun ki, heç olmasa bu gün İnternetdə kimsə yada salmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxdığı və inkişaf etdiyi ən qarışıq dövrdə o, MK-nın şöbə müdiri olmuş və yalnız 1990-cı ilin 20 Yanvar hadisələri başgicəlləndirici siyasətçi karyerasına son qoymuşdur.
Ola bilsin, bu gün çox az adam bilir ki, sovet dövründə Moskvanın belə bir planı vardı ki, Dağlıq Qarabağı elə qarabağlıların özlərinin əli ilə Ermənistana vermək lazımdır. Bax, hakimiyyətə gətirilmiş Əbdürrəhman Vəzirov, Rafiq Əliyev və digər qarabağlılar hamımızı Qarabağdan imtina etməyə inandırmalı və onu Ermənistana hədiyyə etməli idilər.
Lakin hoqqabaz təlxək Əbdürrəhman Vəzirov Rafiq Əliyev kimi əlaltılarını kölgədə qoydu. Bəlkə onun təbəssüm maskası ilə örtülmüş sifətindən sirr pərdəsini aralamağın vaxtı artıq çatmışdır. İlk növbədə xatırlayaq ki, bu xadim Dağlıq Qarabağ münaqişəsinin inkişafına və dərinləşməsinə kömək etdiyinə görə 1989-cu ildə öz sahiblərindən MK-ya məxsus nüfuzlu binada mənzil və müxbir üzv adı, habelə yalnız onun özünə məlum olan çox şeylər almışdır. Yanvar hadisələrindən sonra isə ad-sanına və nüfuzuna əsla xələl dəymədən Neft Akademiyasında kafedra müdiri kreslosuna sahib olmuşdur.
Müəyyən müddət onu nə eşidən, nə də görən olmuşdur. O, bir küncə çəkilərək vaxtını gözləməyə başlamışdır. Gözəl başa düşürdü ki, vaxt özü onun xeyrinə işləyir. O, sadəcə istəyirdi ki, hamı hər şeyi unutsun. Bu gün hesab edir ki, onun vaxtı çatmışdır və artıq heç kəs onu ən böyük arzusu MK-da oturub müqəddərat həll etmək olan azğın mənsəbpərəst kimi xatırlamır. İşə bir baxın ha, mənsəbpərəst artıq yoxdur və sən demə, həyatını elmin inkişafına həsr etmiş həqiqi alim və əsl ziyalı vardır. Halbuki bütün ömrü boyu o, gözə kül üfürməkdən başqa heç bir işlə məşğul olmamışdır. O, hətta MK-da işlədiyi dövrdə Qarabağ ətrafında yaranmış vəziyyətin guya elmi təhlili metodlarını işləyib hazırlamışdı.
O illərdə Bakı reallıqlarından uzaq olan kəslərə xatırladaq ki, Rafiq Əliyev həmin vaxt MK-da Harri Kasparovun rəhbərliyi altında qrup yaratmışdı. Onlar hansısa kompyuter proqramlarından istifadə etməklə, guya Dağlıq Qarabağ probleminin həlli üçün bir növ riyazi proqnozlaşdırma ilə məşğul olurdular. Onların proqnozları yumşaq desək, təəccüb doğururdu və əsas etibarilə ondan ibarət idi ki, iki gün sonra Yerevanda, üç gün sonra isə Bakıda mitinq fəaliyyətinin canlanması gözlənilir, Xankəndidə isə ana Ermənistanla birləşməyi tələb edən kütlə meydandan dağılışmayacaqdır. Üstəlik, məqsədyönlü şəkildə belə bir siyasət yürüdülürdü ki, Dağlıq Qarabağ birbaşa Moskvadan idarə olunur və Qarabağın azərbaycanlılardan etnik təmizlənməsi yolundakı bütün əngəllər aradan götürülür.
Belə bir fakt da maraq doğurur ki, Rafiq Əliyev MK-nın şöbə müdiri işlədiyi dövrdə Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Bu, Elmlər Akademiyasının tarixində yeganə seçkilər idi ki, akademiklərdən birinin sərrast ifadəsinə görə, Elmlər Akademiyasının tərkibinə "müqəddəs üçlük" seçilmişdir: MK-nın üç şöbə müdiri, o cümlədən Rafiq Əliyev.
Bu üçlüyü nəzərə almaqla, nə əvvəl, nə də sonra belə bir fakt olmamışdı ki, rəhbər tərkibdən cəmi on nəfər bir dəfəyə akademik və müxbir üzv adları almış olsun. Bu, Əbdürrəhman Vəzirovun şəxsi göstərişi və arzusu idi. Akademiklərin bütün müqavimətlərinə baxmayaraq, Rafiq Əliyev, - əgər belə demək olarsa, - müvəffəqiyyətlə müxbir üzv təyin edildi.
O vaxtlar Azərbaycan elmi hələ sovet elminin bir hissəsiydi və belə yüksək adlar üçün namizədlərin hamısına müəyyən rəylər yazılır, müəyyən zəmanətlər verilirdi. Pis-yaxşı, amma hər halda elmi birliyə fundamental elmin nümayəndələrini seçməyə çalışırdılar. Rafiq Əliyev isə məlum olduğu kimi, heç vaxt fundamental elmlə məşğul olmamışdır.
O, fizika-riyaziyyat və texniki elmlər bölməsinin üzvlərinə həmişə həm elm, həm də texnika ilə yarımçıq məşğul olan adam təsiri bağışlayırdı və onu heç vaxt ciddi qəbul etmirdilər. Yeri gəlmişkən, o, iştirak etdiyi son seçkilərdə də səslərin əksəriyyətini əldə etmədi. Həmin səsvermədə iştirak edən akademiklər hələ sağ-salamatdırlar və bunu təsdiq edə bilərlər. Rafiq Əliyevin bu mövzu ilə bağlı nağılları isə əlbəttə, məlumatı olmayan auditoriya üçün nəzərdə tutulmuşdur.
Ümumi iclasda onun lehinə səs verənlər bu məlumatı heç kimdən gizlətmirlər. Lakin səsvermədə yetərsay olmadığı aşkar fakt idi. Elə şöbənin özündə də bizim akademiklər deyirlər ki, Rafiq Əliyevin üzünü illərlə görmürlər və o, Akademiyanı yalnız seçkilər dövründə xatırlayır. Belə bir fikir yalnız onun xəstə təxəyyülündə yarana bilərdi ki, o, Akademiyaya seçilmiş, lakin kimsə qərəzli niyyətlə onu Akademiyaya buraxmamışdır.
Nəzərə almaq lazımdır ki, hətta 1988-ci ildə Mərkəzi Komitənin bir neçə şöbəsi: Elm və təhsil müəssisələri şöbəsi, Mədəniyyət şöbəsi, Təbliğat və təşviqat şöbəsi birləşdiriləndə Vəzirov bu şöbələrə rəhbərlik etməyi məhz Rafiq Əliyevə etibar etmişdi. Sovet dövründə bunu elə belə etmirdilər.
Əlbəttə, bu cür elm fədaisi obrazı yaratmaq üçün Rafiq Əliyevin öz elmində nə ilə məşğul olmasının adamlar üçün əsla fərqi yoxdur, lakin əlamətdar haldır ki, hətta "Reqnum" agentliyi də onu "qeyri-səlis modellər" sahəsində mütəxəssis adlandırmışdır, halbuki, məlum olduğu kimi, burada qeyri-səlis çoxluqlardan söhbət gedə bilər. Yeri gəlmişkən, eyni informasiya Vikipediyada da öz əksini tapmış və heç kəs bu məlumatı təkzib etməmişdir.
Qeyd etmək lazımdır ki, Rafiq Əliyev sovet ideologiyasından sadəcə hazır klişeləri mənimsəməklə kifayətlənməyib, həm də özünün əzəli istedadını - elmə yaxın mövzularda elmdən dəm vurmaq qabiliyyətini cilalayaraq bu karyeristin fəaliyyətinin ilk illərində çatışmayan cəhətləri təmin etmişdir.
O, elmdə istedaddan daha çox inadkarlıq hesabına özünə yol açmışdır. Lakin fikir verin, hətta indi, informasiya cəmiyyətinin təşəkkülü dövründə onun kafedrası necə arxaik ada malikdir. Bu kafedra hələ gənc Rafiq Əliyev öz təhsilini başa vurduğu dövrdə olduğu kimi indi də "Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrası" adlanır. Yeri gəlmişkən, bu kafedranın banisi və onun müdiri Rafiq Əliyev deyil, Rafiq Əliyevin müəllimi, həyatdan vaxtsız getmiş akademik Tofiq Məmməd oğlu Əliyev olmuşdur.
Məlum olduğu kimi, həmin illərdə Sovet İttifaqında "asulaşdırma" və "kabelləşdirmə" ilə məşğul olmaq çox dəbdə idi. Bu adlar altında AİS, yəni avtomatlaşdırılmış idarəetmə sistemləri və elmi cihazların kabellər vasitəsilə o dövrün hesablama maşınları ilə birləşdirilməsi başa düşülürdü. Rafiq Əliyev də məhz "asulaşdırmaya" görə akademik İsmayıl İbrahimovun başçılıq etdiyi alimlər qrupunda Dövlət Mükafatı almışdır.
Hərçənd, etiraf etməliyik ki, Rafiq Əliyev həmin illərdə də istənilən mükafatları ələ keçirmək sahəsində fantastik istedada malik idi və ümumiyyətlə həyatdan hər şeyi almağı bacarırdı. Hətta bu gün, onun üzdəniraq elmi yaradıcılığına yaxşı bələd olanlar aşkar görürlər ki, R.Əliyevin bütün elmi faktiki olaraq həmin AİS ideologiyasının hüdudlarından kənarda inkişaf edə bilməzdi. Lakin o, əslində elmin ən yeni istiqamətlərinə heç bir aidiyyəti olmadığı halda öz adını həmin istiqamətlərlə bağlamağı bacarır.
Məsələn, qeyri-səlis çoxluqlar dəbə düşən dövrdə o, Lütfi Zadənin məşhur adından istifadə etməyi bacarmış və bəyan etmişdir ki, baxın ha, bu yüksək elmi istiqamətə də onun müəyyən dərəcədə aidiyyəti vardır. Bu onun öz işidir. Elmdə belə mistifikatorlar az deyil, lakin onlardan heç biri hamının eşidə biləcəyi səslə özünün böyük alim olduğunu bəyan etmir. Onlar öz yerində sakit oturur və öz dahiliyindən dəm vurmurlar.
Lakin hazırda elə bir məqam çatmışdır ki, onun indiyə qədər hamını dolaması artıq siyasi rəng alır. Özü də bu, elmi çalarlı siyasi sifarişdir. Bununla əlaqədar onun öz həyatının tarixi və Elmlər Akademiyası barədə Gültəkin Hacıyeva kimi başabəla siyasətçilərə danışdığı nağıllar üzə çıxır. Onun xəstə təxəyyülünün məhsulu olan bütün etiraflarda dünyasını çoxdan dəyişmiş insanlar iştirak edir. Onun gənclərin beynini zəhərləyən sayıqlamalarını təkzib edəcək adam yoxdur.
Bu mif yaradıcılığı getdikcə artır və genişlənir. Onun fantaziyası təxəyyülünü üstələyir. Hacıyeva öz kumiri Rafiq Əliyevə sevgisi barədə insanı qıcıqlandıran etiraflarında bildirmişdir ki, 1989-cu ildə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov idi. Halbuki, o, artıq bilirdi ki, gözdən salınmışdı. Həmin dövrdə birinci katib artıq Vəzirov idi, elm və təhsilə rəhbərliyi isə Rafiq Əliyevə tapşırmışdı. Lakin Hacıyevanın etiraflarında tarix təkcə xırdalıqlarda deyil, çox ciddi məsələlərdə də təhrif olunur.
Məsələn, o, Rafiq Əliyevin sözlərinə istinad edərək bizi inandırmağa çalışır ki, 1989-cu ildə İmam Mustafayev Sov.İKP sıralarından xaric edilmiş və guya ovaxtkı katib Kamran Bağırov Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasına gəlmiş, ona qarşı müəyyən ittihamlar irəli sürmüş və Elmlər Akademiyasından qovulmuş İmam Mustafayev bundan sonra bir daha oraya gəlməmişdir.
Faktların bu cür qərəzli şəkildə təhrif edilməsi, əlbəttə, təəssüf doğurur. İmam Mustafayevi heç kəs partiyadan çıxarmamışdır, Kamran Bağırov heç vaxt, xüsusən kiminsə Sov.İKP sıralarından çıxarılması barədə qərarla əlaqədar Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasına gəlməmişdir və s. Məlumdur ki, o, yalnız bir dəfə, SSRİ EA prezidenti Marçukla birlikdə ümumi yığıncağın işində iştirak etmişdir. Gültəkin Hacıyevaya və onun qəbilindən olanlara məsləhət görmək istərdik ki, özlərinin çılğın sevgi etiraflarında təkzib edilməyən faktları təhrif etməsin və Rafiq Əliyevin sözlərinə əsaslanaraq dünyasını çoxdan dəyişmiş hörmətli adamlara böhtan atmasın.
Bu vəziyyətdə bizim ən çox zavallı Lütfi-Zadəyə yazığımız gəlir. Rafiq Əliyevin haqlı və ya haqsız olaraq vəzifədən azad edilməsi mövzusunda məsələlərlə əlaqədar indi Zadənin adını tez-tez hallandırırlar. O, yalnız çox tərbiyəli insan kimi bütün bu çirkin əməllərdən uzaq olmağa çalışır, baş verən hadisələrin bütün detallarını və təfsilatını bilmədiyini bəyan edir. Axı o təqsirkar deyil ki, bizdən təbriklər və komplimentlər qəbul etmişdir. Eyni qayda ilə onun Azərbaycana müəyyən dərəcədə aidiyyəti olması da onun təqsiri deyildir.
Halbuki məhz Rafiq Əliyev Zadəni arbitr qismində cəlb etmişdir və onun köməyi ilə kafedrada bərpa olunmaq arzusundadır. Yeri gəlmişkən, Qərbdə Rafiq Əliyev yaşda olan adamların heç biri artıq kafedra müdiri deyildir. Biz isə həmişə olduğu kimi, daxili mübahisəmizdə ölkə hüdudlarından kənarda elə adamlar axtarırıq ki, onlar bizi mühakimə edə bilsinlər. Bu, əlbəttə, bizim adətlərin ən yaxşısı deyildir.
Lakin ümumiyyətlə desək, yəqin ki, ali ədalət mövcuddur. Rafiq Əliyevin öz müəllimi Tofiq Əliyevə münasibətdə nümayiş etdirdiyi qədirbilməzlik gec ya tez lazımi qiymətini almalı idi. Məhz bu səbəbdən yaxşıdır ki, o, Tofiq Əliyevin kafedrasına daha rəhbərlik etmir. Gec də olsa, ədalət zəfər çalmışdır.
Telman Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Fikrət Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Ağası Məlikov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.