PDF Oxu

Sosial

  • 19

“Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü”

“Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü”

Dünən YAP Səbail rayon təşkilatının qərargahında "Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü"nə həsr olunmuş toplantı keçirildi. Mərasimdə rayon təşkilatının şura üzvləri, ilk ərazi təşkilatının sədrləri, idarə heyəti, rayon qadınlar şurası və gənclər təşkilatının, təftiş komissiyasının rəhbərləri iştirak edirdilər.

Yığıncağı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov ilk öncə rayon təşkilatının IX konfransına hazırlığın gedişi ilə bağlı məlumat verdi. Bildirdi ki, oktyabr ayında YAP-ın bütün rayon və şəhər təşkilatlarında əsasnaməyə uyğun olaraq ilk ərazi təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir: "Rayonun 118 ərazi təşkilatının 111-də yığıncaq keçirilib. Bunların 13-də sədrlər dəyişdirilib. Həmçinin, yeni seçilmiş sədrlərə seminarlar keçiriləcək. Tədbirlərdə rayon şurası üzvləri, idarə heyətinin üzvləri çox fəal iştirak etmişlər. Yığıncaqda verilən təkliflər ümumiləşdirilərək qurultayda rayon adından təqdim olunacaq."

Sonra Z.Qaralov partiyanın yaranma tarixindən, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyev fenomeninin böyüklüyündən, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs etdi: "Sovetlər birliyinin dağılması ilə vahid, mükəmməl işlənilmiş və 70 ildən artıq fəaliyyət göstərən kommunist partiyasının ideologiyası da dayandırıldı. Azərbaycanda başqa respublikalardan fərqli olaraq müstəqillik elan olunsa da, vəziyyət çox ağır idi. Doğrudur, ölkədə bir neçə partiya yaranmışdı. Bu partiyalar mürəkkəb şəraitdə nə inkişaf etmək qabiliyyətinə, nə də cəmiyyəti idarə etməyə qadir deyildilər. Ona görə də, belə bir şəraitdə daha etibarlı, dövrün problemlərini dərk edən, dünyada gedən proseslərlə respublikada gedən prosesləri uzlaşdırmağı bacaran və cəmiyyətə yeni siyasi mədəniyyət gətirə bilən partiya yaradılmalı idi".

Natiq ilk təsis konfransının Naxçıvanda keçirilməsindən, Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən danışdı: "Onu da deyim ki, Dahi liderin hazırladığı 6 tezislə Ona müraciət edən ziyalıların ideyaları üst-üstə düşürdü. Beləliklə də, noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Ulu Öndər orda çox məzmunlu nitq söylədi. Partiyaya 55 nəfərdən ibarət siyasi şura və 15 nəfərdən ibarət idarə heyəti seçildi. Dekabrın 21-də Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan sonra rayon və şəhərlərdə partiyanın təşkilatlanması sürətlə getdi. Belə ki, 1993-cü ilin ortalarında artıq respublikanın 80 faizində rayon və şəhər təşkilatları yaradıldı".

Z.Qaralov 1993-cü ilin fevral ayının 21-də YAP Səbail rayon təşkilatının yarandığını söylədi: "Respublikada Yeni Azərbaycan Partiyasının 560 min, Səbail rayon təşkilatında isə partiyanın 23 min üzvü var. Ancaq onu da vurğulayım ki, 50 minə qədər adam bu rayonda partiyaya üzv qəbul olunub".

YAP-ın ən güclü siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini ön plana çəkən natiq, Ümummilli Liderin siyasi xəttinin, ideyalarının bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı.

Tədbirdə YAP Səbail rayon təşkilatının idarə heyətinin üzvləri Rizvan Vahabov və Səfər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayonu üzrə ilk ərazi təşkilatının sədri Nigar Ağayeva, "91-lər"dən professor Vilayət Əliyev çıxış edərək çox ağır şəraitdə yaradılan Yeni Azərbaycan Partiyasının ötən 19 ildə şərəfli yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrildiyini qeyd etdilər. Çıxış edənlər onu da bildirdilər ki, sözlə əməl birliyi, partiya üzvlərinin Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. YAP-ın məqsədi bundan sonra da ölkənin qüdrətinin və gücünün artırılmasına öz layiqli töhfəsini verməkdən ibarətdir.

Sonra təşkilati məsələlərə baxıldı. "Mətbuat prospekti 504-cü məhəllə", "Azneft İB Avtomobil Yollarının İstismarı idarəsi", "İqtisadiyyat və həyat jurnalı", "6 nömrəli stomotoloji poliklilinika" ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin dayandırılması təsdiq edildi. Bir nəfər YAP üzvünün hüquq-mühafizə orqanlarına işə keçməsi ilə əlaqədar partiya sıralarında fəaliyyətinin dayandırılması ilə bağlı müraciəti barədə müvafiq qərar qəbul olundu.

Sonda Mərkəzi Klinik Xəstəxana ərazi ilk təşkilatının sədri Əskinaz Səfərova xüsusi siyasi fəaliyyətinə, təmənnasız zəhmətinə görə YAP Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif edildi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər