PDF Oxu

Sosial

  • 14

YAP mütəşəkkil siyasi təşkilat, ümumxalq partiyasıdır

YAP mütəşəkkil siyasi təşkilat, ümumxalq partiyasıdır

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 19-cu ildönümü münasibətilə tədbir keçirildi. YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının keçirdiyi tədbirdə iştirak edənlər öncə partiyanın qərargahında xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoydular.

Rayon təşkilatının akt zalında davam etdirilən tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev YAP-ın yaradılmasının 19-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qazanılan uğurların əldə edilməsinin prinsipial əsaslarını diqqətə çatdıran T.Tağıyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf siyasətinin partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, tərəqqi edir.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi və bildirdi ki, 1992-ci ildə Azərbaycanın yenicə qazandığı müstəqilliyini qorumaq, dövlətimizi gücləndirmək və ölkəni bərabərhüquqlu faktor kimi beynəlxalq münasibətlər sisteminə çıxarmaq məqsədilə ətrafında vətənpərvər, uzaqgörən insanları birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı: "Ağır dönəmdə Ulu Öndər Heydər Əliyevin ətrafında toplaşmış vətənpərvər insanlar Naxçıvana gedərək, Azərbaycanın işıqlı sabahına olan ümidlərinin yalnız və yalnız Ümummilli Liderimizlə bağlı olduğunu sübuta yetirdilər. Həyatları təhlükədə olmasına baxmayaraq, dövlətimizin və xalqımızın gələcəyini düşünən bu insanlar yaradılmış partiyanı inkişaf etdirərək, Cənubi Qafqazın və hətta deyərdim ki, bütövlükdə, regionun avanqard, ən güclü siyasi qüvvəsinə çevirdilər. Ulu Öndər Heydər Əliyevin partiyaya rəhbərliyi dönəmində qarşısına qoyduğu məqsəd və vəzifələrə doğru addım-addım irəliləyən Yeni Azərbaycan Partiyası xalqın etimadını doğrultmağa və ətrafında çoxminli kontingent formalaşdırmağa başladı. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi də partiyamıza daha böyük uğurlar gətirdi və bu gün də nailiyyətlər seriyası davam etdirilməkdədir".

"Yeni Azərbaycan Partiyasının üzvləri cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında toplayaraq Azərbaycanımızı sözdə deyil, əməli işdə sevdiklərini göstərirlər" fikrini söyləyən M.İbrahimova cəmiyyətimizdə qazandığı nüfuzun nəticəsində ölkədə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının böyük qələbələr qazandığını vurguladı: "Yeni Azərbaycan Partiyası bu gün xalqın ən mətin və monolit birliyə malik olan siyasi qüvvəsinə çevrilibdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 560 mindən artıq insan birləşib. Bu insanlar, sadəcə olaraq, partiyaya üzv olmaq naminə deyil, müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönlü dövlətin qurulması naminə birgə səy göstərmək amalı ilə Yeni Azərbaycan Partiyasının ətrafına toplaşmış üzvlərdir. Partiya sıralarında olan insanlar müxtəlif sahələrdə çalışmaqla, həm partiyamızın qarşısına qoyduğu vəzifələrə necə əməl etməsini sübut edir, həm də güclü dövlətin yaradılması prosesinə özünəməxsus töhfə vermiş olurlar".

Azərbaycan qadınlarının dünyada öz ölkəsini layiqincə təmsil etdiyini bildirən M.İbrahimova onu da vurğuladı ki, bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətdə, Yeni Azərbaycan Partiyası sıralarında olan biz qadınların hər birinə nümunədir: "Bu gün xalq böyük səs çoxluğu ilə seçdiyi Prezidentin ətrafında sıx birləşib. Biz gələcəyə böyük nikbinliklə və ümidlə baxırıq. Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə böyük zirvələrə qalxacaqdır".

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkilləri Jalə Əliyeva, Sevinc Hüseynova, Kamilə Əliyeva, Nərimanov rayonu 77 saylı məktəbin direktoru Həqiqət Məmmədova, tələbə Zərifə Bayramova və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışdılar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan bir qrup gənclərə partiyanın üzvlük vəsiqəsi təqdim olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər