PDF Oxu

Sosial

  • 23

“Yeni Azərbaycan Partiyası gəncliyin və gələcəyin partiyasıdır”

“Yeni Azərbaycan Partiyası gəncliyin və gələcəyin partiyasıdır”

Dünən YAP Nəsimi rayon təşkilatının və "Azərbaycan Dəmir Yolları" QSC-nin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 19 illiyi münasibəti ilə "Yeni Azərbaycan Partiyası gəncliyin və gələcəyin partiyasıdır" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı açaraq YAP-ın yaranmasının 19 illiyi münasibəti ilə iştirakçıları təbrik etdi. O, partiya həyatında gənclərin mövqeyinin gündən-günə daha da güclənməsi münasibəti ilə YAP Nəsimi rayon təşkilatının silsilə tədbirlər hazırladığını diqqətə çatdıraraq, bu silsilə tədbirlərdən birincisinin məhz bu gün təşkil olunduğunu söylədi.

Məlahət xanım Azərbaycanın bugünkü inkişafını, onun dünya miqyasında özünə layiq yer qazanmasını xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin tarixi nailiyyətləri ilə səciyyələndirdi. Məlahət xanım Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün də istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 19 il ötdüyünü diqqətə çatdırdı. Bu illər ərzində YAP həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atmışdır. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Heç şübhəsiz ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə xitabən ünvanladığı çıxışından kadr iştirakçılara təqdim olundu. Gələcəyin qurucuları olan Azərbaycan gəncliyinə ünvanlanan ifadələrdə milli-mənəvi dəyərləri qorumaq, vətənin layiqli övladı tək torpağına sədaqətli olmaq tövsiyə olunurdu. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov, Respublika Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva bugünkü Azərbaycan gəncliyinə olan diqqətə və onların ölkənin abadlıq-quruculq işlərindəki xidmətlərinə nəzər salıb, gəncliyin böyük gücə, iradəyə malik olduğunu bildirdilər. Qeyd olundu ki, bu gün respublikada 270-dən artıq gənclər təşkilatı fəaliyyətdədir.

Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov YAP-ın yaranma, formalaşma tarixinə nəzər salıb, çətin bir şəraitdə yaradılan partiyanın bugünkü uğurlarını diqqətə çəkdi.

YAP Nəsimi rayon təşkilatı tərəfindən bir sıra gənclərə ölkənin ictimai, siyasi-mədəni həyatında yaxından iştirakına görə diplomlar verildi, yeni üzvlüyə qəbul olunmuş şəxslərə YAP-ın vəsiqələri təqdim edildi.

Rəsmi hissədən sonra gənclər tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiya təqdim olundu.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər