PDF Oxu

Sosial

  • 28

ARDNŞ prezidentinin TrasnAnadolu qaz  boru xətti layihəsi haqda bəyanatı Türkiyə mətbuatında böyük əks-səda doğurub

ARDNŞ prezidentinin TrasnAnadolu qaz boru xətti layihəsi haqda bəyanatı Türkiyə mətbuatında böyük əks-səda doğurub

ARDNŞ prezidenti Rövnəq Abdullayevin Atlantik Şurası tərəfindən ənənəvi olaraq keçirilən Qara dəniz İqtisadiyyat və Enerji Forumunun 3-cü iclasında etdiyi çıxış və TransAnadolu Qaz boru Xəttinin inşası ilə bağlı fikirləri Türkiyə mətbuatında geniş rezonansa səbəb olmuşdur.

Türkiyənin bir çox informasiya agentlikləri, internet portalları, "Akşam" , "Hürriyyet" , "Yeni Şafak" ,"Dünya" qəzetləri bu məsələyə geniş yer ayırmışdır. "Akşam" qəzetində dərc edilmiş "6 milyard dollarlıq TransAnadolu boru Xətti Nabukkoya rəqib olacaq" sərlövhəli məqalədə qeyd olunur ki, Azərbaycanın müxtəlif yataqlarından hasil ediləcək qazın Türkiyə ərazisi ilə nəql olunması üçün yeni qaz kəmərinin tikilməsi haqda anlaşma - iki qardaş dövlətin növbəti uğurudur. Qəzet yazır ki, Anadolunun şərq sərhədindən qərb sərhədinədək uzanacaq yeni tranzit qaz boru xətti Azərbaycan qazının Türkiyə və Avropaya çıxışına zəmin yaratmış olur. "Hürriyət" qəzetində çap edilmiş "Yıldızdan TransAnadolu açıqlaması" yazısında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın bu layihəyə dair fikirləri şərh olunur. Türkiyəli nazir ARDNŞ ilə birlikdə gerçəkləşdiriləcək TransAnadolu Qaz boru Xəttini Nabucco, Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) və Transadriatik qaz kəməri (TAP) kimi layihələrin həyata keçirilməsini və investisiya xərclərini asanlaşdıracaq bir proyekt kimi səciyyələndirmişdir. Onun fikrincə, TransAnadolu xəttinin inşa olunması resurs problemi olan həmin layihələr üzrə qərar qəbul edilməsi mexanizmini sadələşdirəcəkdir. Taner Yıldız Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını nəzərdə tutaraq bildirir ki, istənilən halda "Şahdəniz" qazı Qərbə çatacaq. Qarşıdakı aylar ərzində TransAnadolu Qaz boru Xətti layihəsinin detalları üzərində ARDNŞ ilə çalışacaqlarını söyləyən nazir bu əməkdaşlığın uğurla nəticələnəcəyinə inamını ifadə etmişdir. Türkiyənin əksər internet portallarında "TransAnadolu boru xətti gəlir", "TransAnadolu Qaz Boru Xətti projesinin çalışmalarına başlandı" başlıqlı yazılarda ARDNŞ prezidenti R.Abdullayevin Azərbaycanın müxtəlif yataqlarından hasil olunacaq qazın Türkiyə ərazisi ilə nəql edilməsi məqsədi daşıyan yeni qaz kəmərinin inşa olunacağı haqda fikirləri geniş əksini tapmışdır. Yazılarda qeyd olunmuşdur ki, yeni qaz kəməri iddialı, lakin alternativsiz bir layihədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Türkiyə mətbuatı bu layihənin də Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Erzurum boru kəmərləri kimi qardaş ölkələrin bölgədəki önəmini daha da artıracağını vurğulamışdır.

Digər xəbərlər