Dünən "Hilton Bakı" mehmanxanasında "Azercell Telekom" şirkətinin 3G xidmətlərinin göstərilməsi ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə şirkətin prezidenti Ali Ağan bildirdi ki, artıq noyabrın 18-dən 3G xidmətlərinin göstərilməsinə start verildi və bu xidmət ölkənin bütün ərazisini əhatə edəcək: "2010-cu il "BakuTel" sərgisində isə Prezident İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova "Azercell"-ə 3G lisenziyasının verilməsi üzrə işlərə başlanması üçün tapşırıq vermişdi. Onu qeyd edim ki, 3G vasitəsilə abonentlər 7,2 Mbit/saniyə sürətə malik mobil internetdən istifadə edə biləcəklər. Bu isə hazırda istifadə olunan 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürətin, hətta 21 Mbit/saniyəyə çatacaq".
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə vurğuladı ki, şirkətə 3G xidmətləri göstərilməsi üçün lisenziya hələ bu ilin noyabr ayının 2-də RİTN tərəfindən təqdim olunmuşdu: "Sadəcə olaraq, keçən müddət ərzində, 3G xidmətlərinin göstərilməsi üçün "Azercell Telekom" MMC-yə müvafiq tezliklərin ayrılması barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının 27.08.2011-ci il tarixli, 65 saylı protokol qərarının icrası ilə bağlı bəzi məqamlar həllini tapmadığı üçün 3G xidmətlərinin göstərilməsinə məhz 18.11.2011 tarixdən başlamaq qərara alınmış və bu fakt rəsmən RİTN ilə də razılaşdırılmışdır. Onu da qeyd edim ki, dünyada ilk dəfə olaraq 4G xidmətini təqdim etmiş TeliaSonera şirkətlər qrupu ailəsinə daxil olan Azercell artıq uzun müddət 3G xidmətlərinin tətbiqinə hazır idi. Hələ 2009-cu il "BakuTel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində şirkət ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmişdi. "Azercell" ondan sonra dəfələrlə bəyan edib ki, şirkət yalnız texnoloji baxımdan deyil, həm də müvafiq cihazların təminatı baxımından yeni texnologiyanın tətbiqinə hazırdır. Növbəti illərdəki "BakuTel" sərgisində Azercell artıq 4G və digər qabaqcıl avadanlıqlar, LBS, RFİD texnologiyalarının uğurla təqdimatmı keçirmişdi. 3G texnologiyasının tətbiqi üçün lisenziyanın verilməsi "Azercell"in 15 illik yubileyi üçün əvəzedilməz və xoş bir hədiyyə oldu".
Tədbirdə, həmçinin, qeyd olundu ki, 3G tariflərində 60 faizədək endirimlər olacaq. 1 Mbit üçün fakturalı və fakturasız xətt abonentləri 40 qəpik, "GəncSim" tarifinə qoşulan abonentlər isə 20 qəpik ödəyəcəklər. 3G vasitəsilə videozəng etmək mümkün olacaq ki, bunun da qiyməti səsli zəngin qiymətinə bərabər olacaq. 3G xidmətini aktivləşdirmək pulsuzdur. Bunun üçün 2525 qısa nömrəsinə 3G mətni yazıb göndərmək kifayətdir. 3G xidməti vasitəsilə videozənglər etmək, cib telefonu vasitəsilə TV-yə baxmaq, hadisə yerindən canlı yayım aparmaq, böyük həcmli videofaylları telefon vasitəsilə göndərmək mümkün olacaq. Eləcə də, uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını telefondan həyata keçirmək imkanı yaranacaq.
"Mobile TV" vasitəsilə 8 telekanala (İTV, "Akıllı TV", TV1000, "Nickelodion", MTV, "İdman-Azərbaycan", "Euronews", "Discovery World") baxmaq mümkün olacaq. Bunun 1 saatı 1 manat, 3 saatı 2 manat, 1 günü 4 manat, 7 günü 10 manatdır.
"Azercell" 3GMAX modeminin hədiyyə kampaniyasını da keçirəcək.
RƏFİQƏ