Dünən YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü ilə bağlı "Yeni Azərbaycan Partiyası gəncliyin və gələcəyin partiyasıdır" mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında 21 noyabr tarixinin xalqımız üçün əlamətdar tarix olduğunu bildirib. 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının yaradıldığını xatırladan M.Abasquliyeva Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın dövlətimizin inkişafı istiqamətində böyük işlər gördüyünü qeyd edib. Rayon təşkilatının sədri partiyamızın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycanın yaranmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən M.Abasquliyeva qeyd edib ki, gənclər Ulu Öndərimizin zəngin irsini dərindən öyrənməlidirlər. "Ulu Öndər Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən xalqımız üçün misilsiz xidmətlər göstərib. Bir sözlə, Azərbaycanın inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır" deyə o, vurğulayıb.
Rayon təşkilatının sədri çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və bu gün ölkəmizin dinamik inkişafı məhz bu strategiya əsasında reallaşır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan hər bir sahədə ciddi nailiyyətlər əldə edir.
Gənclərə Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edən M.Abasquliyeva bu irsin gələcək nəsillər üçün faydasından da ətraflı bəhs edib. Təşkilat sədri son illər partiyaya gənclərin axınının böyük vüsət aldığını bildirib. M.Abasquliyevanın fikrincə, gənclərin YAP-ın sıralarına qoşulması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz nümunəsidir. Tədbirdə YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Abbasəliyev partiyada yüksək intellektə malik gənclər ordusunun birləşdiyini vurğulayıb. Onun sözlərinə görə, partiyada gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün imkanları yaradıb. R.Abbasəliyev bildirib ki, YAP Sabunçu rayon təşkilatının 7523 üzvündən 2500 nəfəri gənclərdən ibarətdir. Bu gənclər ictimai-siyasi proseslərdə fəallıq göstərirlər.
Tədbirdə gənclərdən Məhəmməd Əsədov, Namiq Muradov və Razi Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu, partiyanın qurucusu Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti və Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin uğurları haqqında fikirlərini bildiriblər.
A.Səmədova