Dünən YAP Mingəçevir şəhər təşkilatı ilə Mingəçevir şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının yaradılmasının 19 illiyini qeyd edib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyublar.
Yığıncağı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən təsis yığıncağında Yeni Azərbaycan Partiyasının yaranmasından və şərəfli inkişaf yolundan danışdı. C.Yusifov Azərbaycanın bu gün hamını heyrətləndirən iqtisadi inkişafında fəal iştirak edən, birlik, həmrəylik, demokratiya uğrunda mübarizədə mətinləşən, hər zamanın partiyası olduğunu real işi ilə doğruldan YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyindən danışıb. Partiyanın yarandığı o çətin anları xatırladan natiq tarixə "91-lər"in xidməti kimi yazılan, ölkənin tanınmış ziyalılarının Ulu Öndərə müraciətini bugünkü xoşbəxt, firavan həyatımız üçün çəkilən zəhmət adlandırdı.
C.Yusifov onu da bildirib ki, ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində YAP-ın mütləq qələbə qazanması xalqın Prezident İlham Əliyevə, Onun rəhbərlik etdiyi partiyaya inamından irəli gəlir.
Yığıncaqda 6 saylı ƏİPT-nin sədri, AMİMF-in direktoru O.Rzayev, NTQ-nin sədri S.Hüseynov, YAP Mingəçevir şəhər təşkilatı idarə heyətinin üzvü R.Kərimov, YAP Mingəçevir rayon təşkilatının qadınlar şurasının sədri O.Əzizova və şəhər veteranlar şurasının sədri M.Cəfərov partiyanın keçdiyi şərəfli yollardan ətraflı danışmaqla qeyd ediblər ki, YAP ən çətin zamanlarda xalqla birlikdə olub və onlara dəstək verib. Məhz bunun nəticəsidir ki, keçirilən bütün siyasi kampaniyalarda xalq YAP-nın siyasi xəttinə səs vermişdir.
Yığıncaqda Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini İ.İsmayılov çıxış edərək, YAP-ın yaradılmasında, ölkənin sürətlə inkişaf etməsində, əldə edilən sabitlikdə Ulu Öndər Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışmaqla bərabər, Ulu Öndərin layiqli davamçısı, xalqın yeganə ümid yeri olan YAP-ın Sədri, ölkə başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində əldə edilən uğurları vurğulayıb. Natiq sonda bu gün münasibətilə partiya üzvlərini təbrik edib.
Yığıncağın sonunda üç nəfər partiya üzvünə qiymətli hədiyyə, partiya üzvlüyünə yeni qəbul edilən beş nəfər gəncə isə partiya vəsiqəsi təqdim edilib.
AYTƏN