Dünən Qaradağ rayonunda YAP-ın yaradılmasının 19-cu ildönümü münasibətilə dəyirmi masa keçirilib. YAP Qaradağ rayon təşkilatının və Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dəyirmi masa iştirakçıları ilk öncə xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə YAP-ın yaradılması ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilib: "Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkənin siyasi hakimiyyətinə gələn Heydər Əliyev 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Ulu Öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi".
Dəyirmi masada çıxış edən Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Hikmət Abbasov YAP-ın yaradılmasının 19-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Böyük uğurların əldə edilməsinin prinsipial əsaslarını diqqətə çatdıran natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf siyasətinin partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, tərəqqi edir: "Bu siyasətin məntiqi nəticəsi Azərbaycanın sürətli inkişafı, bölgədə lider dövlətə çevrilməsi, dünyaya inteqrasiya prosesinə aktiv şəkildə qoşulması və bu prosesdə uğurla iştirak etməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və beynəlxalq əhəmiyyətinin artmasına xidmət etməkdən ibarətdir".
"Cəmiyyətdə günü-gündən sosial bazasını möhkəmləndirən Yeni Azərbaycan Partiyası əsas qüvvə kimi ictimai-siyasi proseslərin önündə gedir" fikri ilə çıxışına başlayan millət vəkili Ağalar Vəliyev deyib ki, partiyamızın cəmiyyətin fəal, ziyalı, siyasi prosesləri dərindən dərk edən və düzgün nəticə çıxarmağı bacaran təbəqəsini özündə birləşdirən 520 mindən çox üzvü vardır: "Bu, partiyamızın geniş resursa malik olduğunu göstərir".
Çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin dəyirmi masa iştirakçılarını təbrik edərək deyib ki, 1992-ci ildə Azərbaycanın yenicə qazandığı müstəqilliyini qorumaq, dövlətimizi gücləndirmək və ölkəni bərabərhüquqlu faktor kimi beynəlxalq münasibətlər sisteminə çıxarmaq məqsədilə ətrafında vətənpərvər, uzaqgörən insanları birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı: "Ağır dönəmdə Ulu Öndər Heydər Əliyevin ətrafında toplaşmış vətənpərvər insanlar Naxçıvana gedərək, Azərbaycanın işıqlı sabahına olan ümidlərinin yalnız və yalnız Ümummilli Liderimizlə bağlı olduğunu sübuta yetirdilər. Həyatları təhlükədə olmasına baxmayaraq, dövlətimizin və xalqımızın gələcəyini düşünən bu insanlar yaradılmış partiyanı inkişaf etdirərək, hətta deyərdim ki, bütövlükdə regionun avanqard, ən güclü siyasi qüvvəsinə çevirdilər. Sonra çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışıblar. Sonda partiyanın bir qrup fəallarına mükafatlar təqdim olunub.
R.HÜSEYNOVA