Dünən Nərimanov rayon icra hakimiyyəti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 19-cu ildönümü ilə bağlı geniş tədbir keçirildi. Nərimanov rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Nərimanov rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev partiyanın keçdiyi inkişaf yolundan geniş danışdı.
A.Fərzəliyev bildirdi ki, YAP-ın yaranması müstəqilliyimizin yenidən bərpa olunmasının ildönümünə təsadüf etmişdi: "Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığı aydındır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev Muxtar Respublikanın müdafiəsini təmin etmək, sosial-iqtisadi durumunu yaxşılaşdırmaqla yanaşı, Azərbaycanın taleyüklü məsələlərinin həlli istiqamətində ciddi səylər göstərirdi. Onun ümumilikdə Azərbaycan xalqının istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müraciətinə cavabında da xalqına, vətəninə nə qədər böyük hörmət və məhəbbətlə yanaşdığı aydın görünür. Müraciətə cavabında Azərbaycanın dövlət müstəqilliyini əldə etməsini tarixi hadisə kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bildirmişdir: "Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir."
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyanın yaradılmasının 19 illiyinin dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının 20-ci ildönümünə təsadüf etməsini əlamətdar hadisə olduğunu vurğuladı: "Hər iki hadisə respublikamızın hər bir bölgəsində, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yüksək səviyyədə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. İqtidar partiyası kimi YAP Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həllinə öz töhfəsini vermiş və bu gün də bu xəttə sadiqdir".
Rayon təşkilatının sədri vurğuladı ki, partiyamızın qarşısında mühüm vəzifələr dayanır: "Bu vəzifələrin ən başlıcası Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın ən qüdrətli, zəngin dövlətinə çevirməkdir. Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının dünəninə, bugününə və gələcəyinə bələdçilik edən tezislərinin davamı olaraq Prezident İlham Əliyev partiyanın 15 illik yubiley mərasimində bildirmişdir: "Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük".
T.Tağıyev Azərbaycanın uğurlarından geniş bəhs edərək bildirdi ki, bu gün ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü artan nüfuzunun və siyasi çəkisinin təsdiqidir. Yeni Azərbaycan Partiyası bu uğurların fonunda gələcəyə daha böyük inamla irəliləyir.
Tədbirdə partiya fəallarından Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev, Turizm İnstitutunun prorektoru Eldar Aslanov çıxış edərək partiyanın keçdiyi zəngin, tarixi yoldan geniş bəhs etdilər.
Gənclər adından çıxış edən Cəfərli Zeyvə dövlətimizin, YAP-ın gənclərə diqqət və qayğısından danışdı. Bildirdi ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərirlər.
Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən geniş bəhs etdi. Vurğuladı ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması da bu xidmətlərin əsas tərkib hissələrindəndir. Partiyanın yarandığı dövrə nəzər salsaq, onun nə qədər əhəmiyyətli bir hadisə olduğunu aydın görərik.
K.Kərimov partiyanın hansı zərurətdən yaranması sualına Ulu Öndər Heydər Əliyevin "91-lər"in müraciətinə verdiyi cavabında daha dolğun izahat verdiyini diqqətə çatdırdı. Həmin müraciətdə Ümummilli Lider Heydər Əliyev bildirmişdir: "Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər."
K.Kərimov ölkəmizin Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət vasitsilə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, düzgün seçilən yol ölkəni daim inkişafa və tərəqqiyə aparır. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur. YAP nəinki Azərbaycanın, həm də bölgənin ən güclü siyasi qüvvəsidir.
R.KAMALQIZI