Yeni Azərbaycan Partiyasının ( YAP ) yaranmasının 19-cu ildönümü münasibətilə dünən Göygöl rayonunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbir sonra təşkilatın inzibati binasının akt zalında davam etdirilib. YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyanın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan bəhs edib.
Tədbirdə çıxış edən YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi bir zərurətdən yaranıb, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf edib. Partiyamızın cəmiyyətin fəal, ziyalı, siyasi prosesləri dərindən dərk edən və düzgün nəticə çıxarmağı bacaran təbəqəsini özündə birləşdirən 560 mindən çox üzvü vardır: " Bu, Partiyamızın geniş resursa malik olduğunu göstərir".
YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev çıxış edərək YAP-ın bu gün Azərbaycan cəmiyyətində tutduğu mövqe və aparıcı rola malik olmasından danışıb, tədbir iştirakçılarını və onların simasında rayon təşkilatının bütün üzvlərini YAP-ın yaranmasının 19-cu ildönümü münasibətilə bir daha təbrik edib, onlara gələcək şəxsi həyatlarında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Sonra çıxış edən YAP Göygöl rayon təşkilatının Şura üzvlərindən Elmira Qamanova, Elşən Məmmədov, Salman Balakişiyev Yeni Azərbaycan Partiyasının dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışıblar.