PDF Oxu

Sosial

  • 16

Beynəlxalq təşkilatların qərəzli hesabatları nəyə əsaslanır?

Beynəlxalq təşkilatların qərəzli hesabatları nəyə əsaslanır?

Azərbaycanda bütün sahələrdə gedən inkişaf və tərəqqiyə, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə qısqanclıqla yanaşan bir çox beynəlxalq təşkilatlar mövcuddur ki, onlar siyasi sifarişlər əsasında hesabatlar yayırlar. Bu təəssüfedici mövcudluq qarşılığında isə siyasi sifarişlərə hesablanmış kirli valyutaların dövr etməsi artıq yetərincə təsdiq edilib. Həmin vəsaitlərin hazırda ölkədə fəaliyyət göstərən müəyyən siyasiləşmiş "hüquq müdafiəçiləri"nin ciblərinə axdığı da sirr deyildir. "Amnesty İnternational","Freedom House", "West Mister", "Human Richt Watch" kimi xarici təşkilatların məlum qərəzli hesabatına qarşı ictimaiyyətin hiddətini də başa düşmək çətin deyil.

Belə ki, bu kimi hesabatlara münasibətlərini bildirən bir sıra QHT təmsilçiləri ümumi mövqe nümayiş etdirərkən bildiriblər ki, bu addımların qarşısının alınması istiqamətində qəti tədbirlər görməyin zamanı çatıb.

"Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarə heyətinin üzvü İradə Əliyeva məsələyə münasibət bildirərkən deyib ki, "Amnesty İnternational", "West Mister", "Human Richt Watch", "Freedom House" kimi qərəzli təşkilatların hesabatlarına ciddi əhəmiyyət vermək lazım deyil: "Bu kimi təşkilatların əksər çoxluğu xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbilərinin nəzarətində olan qurumlardandır və bilavasitə onların verdikləri sifarişlər, maliyyə dəstəkləri ilə işləyirlər. Buna görə də, bir qayda olaraq, onlar Azərbaycanda mətbuatla, ictimai birliklərlə, siyasi təşkilatlarla və digər məsələlərlə bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verirlər".

İ.Əliyeva onu da bildirib ki, bu cür beynəlxalq təşkilatlar, eyni zamanda, qeyri-obyektiv hesabatlarını Azərbaycanda adını müstəqil qoyan və əslində, Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən "hüquq müdafiəçiləri"nin arayışları əsasında hazırlayırlar: "Həmin hüquq müdafiəçiləri və QHT-lər bu kimi qurumlardan qrant almaq üçün reallığı deyil, həmin qurumlara xoş gələn, onların ön görüşlərini təmin edən, həmçinin, "siyasi" maraqlarını əhatə edən arayışlar hazırlayırlar. Və maraqlı nüanslardan biri də ondan ibarətdir ki, əslində, nə zamansa bir arayış hazırlanıb və hər dəfə növbəti hesabatın vaxtı çatanda rəfdən həmin toz basmış arayış götürülür və bunun əsasında həmin hesabat hazırlanır".

İ.Əliyevanın sözlərinə görə, erməni lobbisindən maddi qaynaq alan təşkilat(lar)ın ermənilərin dəyirmanına su tökən radikal müxalifətlə ilə iş birliyinə girib seçkiləri "saxtalaşdırmasından" danışması, medianın "azad olmamasını" səsləndirməsi hiddət doğurmaya bilməz. Maraqlıdır, bir ölkədə kifayət qədər media qurumlarının fəaliyyət göstərməsini görməzliyə vuraraq, ağlına gələn hesabatı yazan "Amnesty İnternational","Freedom House", "West Mister", "Human Richt Watch" nəyə görə təmsil olunduqları Qərb mühitində baş verən media zorakılığı, insan azadlıqlarının pozulması barədə bir kəlmə də olsun ifadə etmirlər? ABŞ-da, Böyük Britaniyada polisin vətəndaşlara qarşı göstərdiyi "sıfır dözüm" kampaniyası barədə nəyə görə hesabatlar tərtib etmirlər? Yazılmır ki, Azərbaycanda bloggerlər Böyük Britaniyadakı kimi təzyiqlərlə üzləşmirlər, döyülmürlər, söyülmürlər, həbslərə məruz qalmırlar. Çünki həqiqətləri yazmaq həmin qurumlara ya sərf etmir, ya da ki, həqiqətləri yazacaq qədər cürətli deyillər".


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər