Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü Balakən rayonunda da böyük coşqu ilə qeyd edilib. YAP-ın yaranmasının 19-cu ildönümü və "Qubek Hotel" ilk partiya təşkilatının təsis edilməsinə həsr olunmuş birgə tədbir Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin ziyarət edilməsi ilə başlanılıb.
Tədbirdə, həmçinin, Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və İstirahət mərkəzinin idarə və işçi heyəti də iştirak edib. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. İlk Partiya təşkilatı təsis edildikdən sonra, səsvermə yolu ilə təşkilatın idarə heyəti, sədr və müavini seçilib.
Daha sonra YAP sıralarına daxil olan yeni üzvlərə partiya biletləri təqdim edilib. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi YAP ilk partiya təşkilatının sədri Heydər Əsgərov çıxışında 19 il öncəyə, partiyanın təsis edildiyi ilk illərə qısa ekskurs edərək, bu illər ərzində Yeni Azərbaycan Partiyasının sıralarının durmadan artdığını bildirib.
Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, partiya sıralarına daxil olan gəncləri bu şərəfli gün münasibəti ilə təbrik edib. O öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi siyasət bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hər zaman olduğu kimi, bu gün də, sabah da, gələcəkdə də bizim hər birimiz Yeni Azərbaycan Partiyasının ətrafında birləşərək, partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin mütərəqqi siyasətini dəstəkləyəcək, Azərbaycanın davamlı inkişafı üçün əlimizdən gələnləri əsirgəməyəcəyik".
RÖVŞƏN