PDF Oxu

Sosial

  • 20

Milli Məclis  2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlayıb

Milli Məclis 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlayıb

Milli Məclisin noyabrın 22-də keçirilən iclasında 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müzakirəsinə başlanılıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, son illərdə respublikamızın iqtisadiyyatında ciddi dəyişikliklər baş vermişdir. Dərindən düşünülmüş, elmi əsaslara söykənən iqtisadi siyasət nəticəsində iqtisadiyyatımız qlobal böhran şəraitində də inkişaf etmiş, ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası uğurla həyata keçirilmişdir.

Sonra maliyyə naziri Samir Şərifov çıxış etmişdir. Nazir əvvəlcə 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, cari ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 105,6 faiz, xərcləri isə 87,7 faiz icra olunmuşdur. İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 100 faiz, xərclərinin isə 95 faiz icra olunacağı gözlənilir.

Gələn ilin əsas maliyyə sənədi barədə məlumat verən S.Şərifov demişdir ki, 2012-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2011-ci ilin ötən 9 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.

2012-ci il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq iqtisadi və sosial islahatlara dəstək olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul edilmiş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq həcmlərdə vəsait nəzərdə tutulmuşdur.

Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 1,1 faiz çoxdur. Mütləq ifadədə 2011-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz çox (882,2 milyon manat) nəzərdə tutulmuşdur.

Gəlirlərin 12035,0 milyon manatı və ya 73,2 faizi neft, 4401,4 milyon manatı və ya 26,8 faizi isə qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 310 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bunun da 3 milyard 180 milyon manatı və ya 59,9 faizi qeyri-neft sektorunun, 2 milyard 130 milyon manatı və ya 40,1 faizi isə neft sektorunun payına düşür. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 200 milyon manat gəlir proqnozu nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və ya 5,3 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 9 milyard 905 milyon manat proqnozlaşdırılmışdır.

Növbəti il dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat olacaqdır ki, bu da 2011-ci illə müqayisədə 6,5 faiz çoxdur. Kəsirin maliyyələşmə mənbələri və Dövlət Neft Fondundan ayrılan 9905,0 milyon manat transfert nəzərə alınmaqla 2012-ci il dövlət büdcəsinin xərcləri 16984,4 milyon manat proqnozlaşdırılmışdır. Bu da cari ilə nisbətən 1043,2 milyon manat və ya 6,5 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 51,8 faizi və ya 8 milyard 794 milyon manatı cari xərclərə, 46,1 faizi və ya 7 milyard 828 milyon manatı əsaslı xərclərə, 2,1 faizi və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. 2012-ci ilin dövlət büdcəsinin kəsiri 548,0 milyon manat və ya ÜDM-in 1,3 faizi həcmində nəzərdə tutulmuşdur.

Maliyyə naziri bildirmişdir ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat olmaqla 2011-ci ilə nisbətən 1 milyard 762,2 milyon manat və ya 8,8 faiz, xərcləri 20 milyard 26 milyon olmaqla 2011-ci ilə nisbətən 1 milyard 412 milyon manat və ya 7,6 faiz çox nəzərdə tutulmuşdur.

İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2 milyard 454 milyon manat proqnozlaşdırılır.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10482,5 milyon manat olmaqla 2011-ci illə müqayisədə 630,1 milyon manat və ya 6,4 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci ilə nisbətən 9,9 milyon manat və ya 3,4 faiz çoxdur.

2012-ci ilin icmal büdcəsinin kəsiri 1 milyard 806 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 12 milyard 503 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır.

İclasda 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının da rəyi dinlənilmişdir.


Rəfiqə

Digər xəbərlər