Milli Məclisin noyabrın 22-də keçirilən iclasında 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müzakirəsinə başlanılıb. Bununla bağlı "Səs" qəzetinə fikirlərini bölüşən millət vəkilləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə davamlı iqtisadi inkişaf və makroiqtisadi sabitlik təmin edilir və Milli Məclisdə müzakirəsinə başlanılan büdcə zərfi sənədləri də ölkə həyatında müşahidə olunan inkişaf dinamikasının bir göstəricisidir.
Milli Məclisin deputatı Ayaz Orucov verdiyi açıqlamasında vurğuladı ki, 2012-ci il üçün dövlət büdcəsinin və büdcə zərfinə daxil edilmiş digər sənədlərin layihələri ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunmuşdur. Belə ki, cari ilin 9 ayının nəticələri göstərir ki, ilin sonuna qədər ümumi daxili məhsulun istehsalında artım əldə ediləcək: "Xüsusilə, qeyd etmək istərdim ki, neft sektorunda sabitliyin saxlanılması ilə yanaşı, iqtisadiyyatın qalan sahələrində təqribən 8-9 faiz artım əldə olunacaq. Gələn il ümumi daxili məhsul istehsalının 57 faizindən çoxu qeyri-neft sektorunun payına düşəcək. Bu isə neftdən əldə olunan gəlirlər hesabına qeyri-neft sektorunun inkişafı siyasətinin davam etdirilməsinin bir göstəricisidir".
Millət vəkili bildirdi ki, 2012-ci ildə ölkə iqtisadiyyatına 14 milyard manata yaxın sərmayə qoyulacaq. Bu, cari illə müqayisədə 10 faiz artım deməkdir: "Çox əhəmiyyətverici haldır ki, investisiyaların ümumi həcmində daxili sərmayələrin payı 70 faizdən çox olacaq. Ötən dövrdə olduğu kimi, gələn il də əhalinin maddi rifah halının yüksəldilməsi diqqət mərkəzində olacaq. Orta aylıq əmək haqqının 432 manata çatdırılması, yaxud 11,6 faiz artım proqnozlaşdırılır. İqtisadiyyatda baş verən real struktur dəyişiklikləri onun neft amilindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun, xüsusən, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, xidmət sahələrinin genişlənməsinə, regionların inkişafına, insan resurslarından səmərəli istifadə olunmasına yönəlmişdir. Bu baxımdan makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, iqtisadi tənzimləmə mexanizmlərinin sadələşdirilməsi dövlət büdcəsi zərfinin əsas məqamlarındandır".
Millət vəkili Rauf Əliyev ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, ordunun, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahələrdə xidmət edənlərin sosial müdafiəsinin təmin olunması məsələləri barədə fikirlərini açıqladı. O, eyni zamanda, diqqətə çatdırdı ki, Azərbaycan hökuməti büdcənin tərtibi praktikasını ildən-ilə təkmilləşdirir: "2012-ci ilin dövlət büdcəsi zərfi də mükəmməl hazırlamış və qanunvericiliklə müəyyən olunmuş qaydada Milli Məclisə təqdim olunmuşdur. 2012-ci ilin büdcə zərfi parlamentin bütün komitələrində və aparatın müvafiq şöbələrində dərindən öyrənilmiş, Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, müzakirə üçün plenar iclasa tövsiyə olunmuşdur".
R.Əliyev onu da bildirdi ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan 20 il ərzində çox böyük inkişaf yolu keçmiş və öz müstəqilliyini qoruyub saxlamışdır. Ölkəmiz dünyada tanınan dövlətlər sırasına daxil olmuşdur: "Bütün dünya ölkələrində ən böyük problemlərdən biri Dövlət büdcəsinin müzakirəsidir. Çünki dövlət büdcəsi ölkənin müqəddəratını həll edir. Azərbaycanda güclü iqtisadi təhlükəsizlik bazası yaradılmışdır ki, bu da ildən-ilə büdcənin hazırlanmasında böyük rol oynayır. Son illər "Büdcə sistemi haqqında" Qanuna və digər qanunlara edilən dəyişikliklər, bütövlükdə, ölkəmizin büdcəsinin hazırlanmasında sanballı hüquqi baza rolunu oynayır".
Millət vəkili diqqətə çatdırdı ki, Avropada baş verən hadisələrdən fərqli olaraq Azərbaycan öz inkişaf modelini seçmişdir. Burada milli maraqlar vacib rol oynayır. Azərbaycan büdcəsi də ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verir: " Bütün bunlara nail olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq özəl bölmənin inkişafı məqsədilə qanunvericilik bazasının və bu sahədə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın, o cümlədən, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi davam etdiriləcək".
Millət vəkili Musa Quliyev bildirdi ki, mövcud reallıqları nəzərə almaqla, dünyada gedən maliyyə-iqtisadi böhranın mümkün nəticələrini öncədən proqnozlaşdırmaqla, eyni zamanda, ölkənin qarşıya qoyduğu strateji məqsədləri həyata keçirmək üçün təminatlar yaratmaqla, sosial-iqtisadi inkişafın davamlılığını təmin etməklə və bu məsələləri özündə əks etdirən, nəzərə alan real büdcədir: "Bu gün qarşıdakı büdcəmizin gəlir hissəsi 5,7 faiz artmışdır və 16,5 milyard manat təşkil edir. Xüsusilə, büdcənin gəlir hissəsində qeyri-neft sektorunun payı yüksəlmiş, maliyyə, büdcə intizamı artmış, yığım əmsalı və xərc hissəsi artmışdır və bu meyillər də gələn illərdə də davam edəcəkdir. Əvvəlki büdcələrdə olduğu kimi, 2012-ci ilin büdcəsində də sosial-siyasət prioritet istiqamət kimi götürülür. Belə ki, büdcənin 29 faizi sosial xərclərə aid olmuş, səhiyyə, təhsil, sosial müdafiə ilə bağlı xərclərin artması Azərbaycan xalqının sosial-rifah halının yaxşılaşmasına imkan verəcəkdir. Onu da qeyd edim ki, ümumdaxili məhsulun artımı fonunda gələn il əhalinin pul gəlirlərinin 14 faiz artması və inflyasiyanın 6,1 faiz nəzərdə tutulması real gəlirlərin yüksəlməsinə şərait yaradacaqdır. Beləliklə də, bütün bu deyilənləri nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, büdcəmiz real büdcədir və gələn il bizim əhalinin sosial-təminatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.
RƏFİQƏ HÜSEYNOVA