Dünən Kempinski oteldə NATO-nun dəstəyi və Azərbaycan Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda iki günlük beynəlxalq seminar öz işinə başlamışdır. Beynəlxalq seminarda Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qurumlarının nümayəndələri, NATO, BMT, Avropa Birliyi, ATƏT, həmçinin, Azərbaycan Xarici İşlər, Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə nazirliklərinin, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasını təmsil edən şəxslər iştirak edirlər.
Beynəlxalq seminarın açılışında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO Baş Katibinin Müdafiə Siyasəti və Planlaşdırması üzrə müavini Hüseyn Diriöz çıxışlarında adıçəkilən istiqamətdə mövcud əməkdaşlığın inkişafından danışıblar.
Seminarda çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev nəzərə çatdırıb ki, BMT ekspertlərinin hesablamalarına görə, dünya üzrə narkotik vasitələrin 61 faizi Əfqanıstanda hazırlanır. Azərbaycanda aşkar edilən narkotik vasitələrin təqribən 90 faizi isə İran ərazisindən daxil olur: "Azərbaycana narkotik vasitələrin böyük hissəsi İran ərazisindən gəlir. Bunun nəticəsidir ki, dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısının alınması zamanı toqquşmalar baş verir. Narkotik qaçaqmalçıları ilə silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb. Narkotik vasitələrinin yayılmasına qarşı mübarizə davamlı olaraq aparılmaqdadır. Belə ki, Azərbaycanda narkotik vasitələrin yayılmasına qarşı mübarizə dövlət siyasətinin mühüm tərkib hissəsidir".
"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən narkotik vasitələrin hazırlanması və dövriyyəsi məqsədilə istifadə edir" deyən Elçin Quliyev vurğulayıb ki, dövlət sərhədinin Ermənistan tərəfindən işğal olunan ərazisinə Azərbaycan nəzarət etmir, bununla da, həmin ərazilərdə narkotik vasitələrin hazırlanması və dövriyyəsinə əlverişli şərait yaranır: "Vəziyyətin belə davam etməsi daha ciddi fəsadların baş verməsinə səbəb olacaq".
DSX rəisinin sözlərinə görə, Azərbaycan həm də regional və beynəlxalq təhlükəsizlik çağırışlarına davamlı olaraq dəyərli töhfəsini verməkdədir: "NATO tərəfindən Kosovo, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakı buna əyani sübutdur".
Qeyd edək ki, tədbir çərçivəsində seminar iştirakçıları DSX Akademiyasında xidmətin, təlim-tədris prosesinin təşkili və sosial-məişət şəraiti ilə də tanış olublar.
RÖVŞƏN RƏSULOV