Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının və respublikamızın Türkiyə tərəfindən tanınmasının 20-ci ildönümü münasibətilə hər iki ölkənin tələbələri arasında keçirilmiş şahmat və dama turnirinin, jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qalibləri noyabrın 24-də mükafatlandırılıblar.
AzərTAc xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyində təşkil olunmuş tədbiri açan səfir Hulusi Kılıç Azərbaycanın müstəqillik tarixindən danışıb. "Türk xalqının qəlbi hər zaman qardaş Azərbaycan ilə birdir", - deyən diplomat ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətin də məhz Türkiyə olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz olaraq Türkiyənin bu ölkə ilə sərhədlərini bağlaması xalqlarımız və dövlətlərimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmliyindən xəbər verir.
Sonra Hulusi Kılıç ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini vurğulamışdır. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçirilməsini, eləcə də "Star" neft emalı zavodunun təməlinin qoyulmasını ölkələrimizin və xalqlarımızın gələcəyi baxımından uğurlu addım kimi qiymətləndirib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağların ulu öndərlər - Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən müdrikliklə ifadə olunduğunu diqqətə çatdırıb. Biz heç kimə qardaşlığımızı və dostluğumuzu pozmağa imkan verməyəcəyik.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə pul mükafatları və səfirliyin plaketləri təqdim edilib. Mükafatlandırılanlar arasında "SƏS" qəzetinin əməkdaşı İlham Əliyev də var.