Rusiya Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasını (RLS) tam yenidən qurmağı planlaşdırır, eyni zamanda, RLS-in ehtiyacları üçün icarəyə götürülən ərazinin həcmini azaltmağa çalışır. "RİA Novosti"nin məlumatına görə, bu barədə RF-nin müdafiə naziri Anatoli Serdyukov bildirib.
"İcarə haqqını dəyişmədən ərazini azaltmaq istəyirik"
Qəbələ RLS-in icarəsi və onun istismarı şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də bitir. RF Müdafiə Nazirliyi icarə müddətinin 2025-ci ilədək uzadılması ilə bağlı Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib.
Serdyukov deyib ki, hərbçilər bu stansiyanı tamamilə modernləşdirmək istərdilər. Rusiya müdafiə nazirinin sözlərinə görə, Azərbaycanın bütövlükdə bu məsələ ilə bağlı etirazı yoxdur, tərəflər yalnız maliyyə məsləsini tənzimləməlidirlər.
"Onlar stansiyanın icarə dəyərini kəskin tərzdə artırmaq istəyirlər. Biz isə əvvəlki dəyəri saxlamaqla, orada icarəyə götürdüyümüz ərazinin sahəsini böyük ölçüdə azaltmaq istərdik. Stansiyanın yeni simasında artıq bizə kommunikasiyaların belə həcmi lazımlı deyil. Bizdə suyun, elektrik enerjisinin istehlakı artıq bu qədər çox olmayacaq",- Serdyukov izah edib.
Xatırladaq ki, 1985-ci ildə istifadəyə verilmiş "Daryal" tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 7 min km radiusda ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir.
Bu RLS həmin ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiyaya ildə 7 milyon dollar icarə haqqı ödəməklə, 2012-ci ilə kimi icarəyə verib.
Bakının yeni müqavilə üçün hansı təklifləri var?
Məlumata görə, Azərbaycanın RLS-lə bağlı yeni müqaviləyə bir sıra təklifləri var. Bu təkliflər sırasında icarə haqqının azı 2 dəfə artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması istiqamətində Rusiyanın əlavə yardımlar göstərməsi, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi və s. məsələlər var.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov "İnterfaks-Azərbaycan"a açıqlamasında məsələnin həllində ölkəmizin mövqeyini ifadə edib: "Bu gün Rusiyanın informasiya-analitik mərkəz statusuna malik Qəbələ RLS-in icarəsinə görə hər il ödədiyi $7 mln. məbləğində vəsait qeyri-adekvatdır".
XİN rəsmisinin sözlərinə görə, ödənilən məbləğ bir tərəfdən, RLS-in Rusiyanın maraqları, regional və beynəlxalq təhlükəsizlik üçün dəyəri və vacibliyinə adekvat deyil. Digər tərəfdən isə, bu məbləğ stansiyanın öz ərazisində fəaliyyət göstərməsinə icazə verən Azərbaycanın riskləri və təhlükələrinə uyğun deyil",- deyə diplomat qeyd edib. O bildirib ki, deyilənləri nəzərə alaraq, RLS-in icarə haqqı bir neçə dəfə artırılmalıdır.
"Digər ölkələrin, həmçinin, Rusiyanın başqa ölkələrdə belə obyektlərlə bağlı təcrübəsi ödənişlərin dəfələrlə artırılmasının zəruri olduğunu deməyə əsas verir",- deyə A.Əzimov əlavə edib.
Rusiya digər belə obyektlərə nə qədər icarə haqqı ödəyir?
Rusiyalı ekspertlər də Qəbələ RLS-in mövcudluğu barədə fikirlər, təkliflər söyləməkdədirlər. Siyasi şərhçi Andrey Rayevski deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi üçün RLS-lə bağlı danışıqlardan istifadə edə bilər: "Azərbaycan bu məsələdə sərtlik göstərə bilər. Bu RLS İrandan, Pakistandan və Hindistandan ballistik raketlərin mümkün buraxılışı haqqında xəbərdarlıq məqsədilə Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Bakı cəsarətlə icarə haqqını 140 milyon dollara qədər artıra bilər".
Ekspertin sözlərinə görə, Azərbaycan "Baykonur" kosmodromunun icarə haqqını ildə 115 milyon dollar səviyyəsinə qədər qaldıran Qazaxıstandan nümunə götürə bilər: "Bütün əlavə xərcləri nəzərə alaraq Rusiya hər il öz dövlət büdcəsindən "Baykonur"a 315 milyon dollar vəsait ayırır. Bu, hətta Rusiya kimi elə də yoxsul olmayan ölkə üçün böyük məbləğdir. Buna görə də Azərbaycan məsələni qəti şəkildə qoymalıdır: ya biz Rusiya üçün Qəbələ RLS-in icarə qiymətini 10 dəfə artırırıq, ya da Moskva bizə Qarabağ məsələsini həll etməkdə kömək edir, o zaman icarə haqqı əvvəlki səviyyədə qalır və ya hətta aşağı düşür".
"RLS-in illik icarə qiyməti azı
50 milyon dollara çatdırılmalıdır"
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinlinin fikrincə, Rusiyanın postsovet məkanında hərbi xarakterli digər baza və obyektlərin saxlanılmasına və icarəsinə ayırdığı vəsaitləri nəzərə alaraq, eləcə də, ABŞ-ın "Manas" hərbi bazası üçün Qırğızıstan hökumətinə ödədiyi vəsaitə diqqət yetirərək Qəbələ RLS-in icarəsi üçün optimal qiymət ildə 50 milyon dollara çatdırılmalıdır.
Ekspert bildirdi ki, 2010-cu il aprelin 21-də Rusiya və Ukrayna prezidentləri - Dmitri Medvedev və Viktor Yanukoviç arasında keçirilən görüşdə Rusiyanın Qara dəniz donanmasının daha 25 il, yəni 2042-ci ilə qədər Sevastopolda qalmasına dair müqavilə imzalandı. Sənəddə 2017-ci ilin mayından etibarən Rusiyanın Sevastopoldakı baza üçün Ukraynaya illik 100 milyon dollar ödəməsi də qərarlaşdırılıb.
Bundan başqa, Rusiyanın Sevastopolun sosial-iqtisadi inkişafında iştirakı razılaşdırılıb: "2010-cu ilin avqustunda Ermənistan və Rusiya müdafiə nazirləri- Anatoli Serdyukov və Seyran Ohanyan arasında Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalandı. Protokolda göstərilir ki:
- Rusiyanın Ermənistan ərazisindəki hərbi bazası Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyasını gerçəkləşdirməkdən başqa, Ermənistan silahlı qüvvələri ilə birgə bu respublikanın təhlükəsizliyini təmin edir;
- Göstərilən məqsədlərə nail olunması üçün RF Ermənistanın müasir və müvafiq silahlarla, hərbi (xüsusi) texnika ilə təchiz olunmasına dəstək göstərir. Eyni zamanda, Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadəsi isə ikitərəfli razılaşmalar əsasında reallaşdırılacaq. Bu sənəddə maliyyələşdirmə ilə bağlı müddəalar olmasa da, bəllidi ki, Rusiyanın Ermənistana hərbi xarakterli hərbi yardımlarının miqdarı 10 milyon dollarlarla ölçülür".
Cəsur Sümərinli bildirdi ki, Qəbələ RLS də strateji obyekt sayılır və onun Rusiya üçün regional hərbi-siyasi əhəmiyyəti böyükdür: "Hesab edirəm ki, Qəbələ RLS üçün ödənilən hazırkı məbləğ çox aşağıdır onun azı 7-8 dəfə artırılmasına ehtiyac var".
Elçin Bayramlı