PDF Oxu

Sosial

  • 23

Yeni Azərbaycan Partiyası regionda ən monolit və ən mütərəqqi partiyadır

Yeni Azərbaycan Partiyası regionda ən monolit və ən mütərəqqi partiyadır

Dünən Kürdəmir rayon mədəniyyət evində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının VIII konfransı keçirilmişdir. Konfransdan öncə nümayəndələr Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə tər gül-çiçək dəstələri düzmüş, Ulu Öndərə hörmət və ehtiramlarını ifadə etmişlər.


Sonra konfrans öz işini rayon mədəniyyət evində davam etdirmişdir. VIII Konfransın işində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Milli Məclisin deputatları Fərhad Qəribov və Ərəstun Cavadov, eləcə də, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak etmişlər. Konfransa, həmçinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri qonaq qismində dəvət olunmuşlar. Konfrans öz işinə başlamazdan əvvəl Gənc Heydərçilər iştirakçıları təbrik etmişlər.

Konfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli VII konfransdan ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətləridən bəhs edən hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, adı əbədiyaşar Liderimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası artıq 19 ildir ki, öz üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir: "Partiyamız müstəqil Azərbaycan Respublikasında ən mütərəqqi, ən monolit partiya olmaqla, milyonların sevimlisinə çevrilmişdir. Fəxr edirik ki, möhtərəm Prezidentimiz Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev, bütün sahələrdə olduğu kimi, partiya quruculuğu sahəsində də, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında sıralarında 560 mindən çox vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır".

Ağali Kərimli qeyd etmişdir ki, YAP-ın ilkin, çoxsaylı, mübariz dəstələrindən biri olan və artıq mükəmməl tərzdə formalaşmış Kürdəmir rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin, Siyasi Şuranın qərar və göstərişlərinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir: "Rayon təşkilatının fəaliyyəti, əsasən, partiyanın sosial bazasının möhkəmləndirilməsindən, ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin əhali arasında daha geniş yayılmasına nail olmaqdan, partiya mütəşəkkilliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən ibarət olmuşdur".

Daha sonra qeyd olunmuşdur ki, hesabat dövrünü əhatə edən 2007-2011-ci illər ərzində rayon təşkilatının sıraları xeyli genişləndirilmiş, 2220 nəfər partiya üzvlüyünə qəbul olunmuşdur. Yeni partiya üzvlərindən 802 nəfər qadınlar, 990 nəfər gənclərdir. Hazırda rayon təşkilatında partiya üzvlərinin sayı 6626 nəfərdir ki, bunların 2942 nəfəri, yəni 44,4 faizi gənclər, 2385 nəfəri, yəni 36 faizi qadınlardır. Rayon təşkilatının nəzdində 117 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ərazi ilk partiya təşkilatımızın və partiya üzvlərinin tərkibi rayonun bütün ictimai sferasını əhatə edir.

Konfrans nümayəndələri YAP Kürdəmir rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Həsən Hidayətovun hesabat məruzəsini də dinləmişdir. Məruzələr ətrafında O.Mirzəyev adına Ərazi ilk partiya təşkilatının sədri Vaqif Alıyev, rayon təşkilatının qadınlar şurasının sədri Elmira Şıxəliyeva, YAP-ın üzvləri, RİHB aparatının referenti Zaur Həsənov, Carlı kənd orta məktəbinin müəllimi Abduləziz Hüseynov geniş nitqlə çıxış etmişlər. Çıxış edənlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin daxili və xarici siyasətini yüksək qiymətləndirmiş, müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə titanik fəaliyyətində ona böyük uğurlar arzulamışlar.

Konfransda Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov və Kürdəmir RİHB-in başçısı Fəxrəddin Məlikov da çıxış edərək, konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmiş, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişlər.

Daha sonra konfransda təşkilati məsələlərə nəzər salınmışdır. Bununla yanaşı, YAP Kürdəmir rayon təşkilatının 45 nəfərdən ibarət şurası və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir. Ağali Xanbaba oğlu Kərimli yenidən YAP Kürdəmir rayon təşkilatının sədri seçilmişdir.

VIII Konfrans iştirakçıları sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə birgə müraciət qəbul etmişdir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər