Bu günlərdə Azərbaycan xalqının inandığı və təşəkkül tapdığı Yeni Azərbaycan Partiyasının yaradılmasının 19 ili tamam oldu. Bu tarixi bayram respublikamızın hər yerində sevgi və yüksək əhval-ruhiyyə ilə qeyd olunmaqdadır. Dünən YAP Masallı rayon təşkilatı Meşə Mühafizəsi və Bərpası İdarəsi ərazi ilk partiya təşkilatında tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədr əvəzi Səfalı Paşayev bildirib ki, düz 19 il öncə, Azərbaycan xalqı özünün ən gərgin və çətin dövrünü yaşadığı, ölkədə davamlı şəkil almağa başlayan hərc-mərcliyin vüsət aldığı dövrlərdə Ümummilli Lider Heydər Əliyev ictimai rəyin sifarişinə, istək və arzularına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını reallığa çevirdi: "Bu gün YAP-ın xalqın sosial sifarişi olaraq yarandığını desək, heç də yanılmarıq. Çünki Ulu Öndər Heydər Əliyev məhz xalqının səsinə səs verərək, bu təşkilatın yaradılmasını zərurətdən doğan addım kimi dəyərləndirdi və bu əhəmiyyətli hadisəni gerçəkliyə çevirdi. Çox qısa zaman kəsiyində xalqın partiyası adını qazanan YAP ilkin fəaliyyət dövrlərindən haqsızlıqlara, o zamankı hakimiyyətin hücumlarına sinə gərərək öz sivil mübarizə metodları ilə mübariz təşkilat kimi formalaşmağa başladı. Çünki bu siyasi təşkilatın rəhbərliyində məhz xalqın yeganə ümid yeri olan dahi şəxsiyyət Heydər Əliyev dayanmışdı".
S.Paşayev onu da bildirib ki, həmişə öz gələcəyi, atacağı addımları, seçəcəyi istiqamətləri müəyyənləşdirməkdə gənclər zəngin təcrübədən bəhrələnirlər: "Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan gəncliyi öz həyatlarını ölkəmizin və regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ilə bağlayıblar. Elə bu səbəbdən də, bu gün YAP sıralarında təmsil olunan böyük gənclər ordusu gələcəyimizin ən yüksək intellektli kadrları kimi formalaşıblar. Çünki gənclər müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin zəngin tərcübəsindən, Onun müəyyənləşdirdiyi uğurlu xətdən, bizlər üçün qoymuş olduğu əzəmətli mirasdan məharətlə yararlanırlar. Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici siyasət və xüsusən də, gənclərlə bağlı həyata keçirilən işlər də, ölkə gənclərində gələcəyə böyük ümidlər yaradıb".
Masallı gənclərinin YAP-a üzv olmaqdan qürur keçirdiyini deyən S.Paşayev YAP-ın yaradılmasının 19-cu ildönümü ərəfəsində yeni üzv olunanların sayının durmadan artdığını vurğulayıb: "YAP Masallı rayon təşkilatı Meşə Mühafizəsi və Bərpası İdarəsi ərazi ilk partiya təşkilatına qəbul olunmaq istəyən 23 nəfər müraciət edib. Partiyanın əlamətdar günündə 23 nəfər gəncin də YAP sıralarına qoşulması onlar üçün ikiqat bayram olacaq. Çünki belə bir möhtəşəm günlərdə Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istər-istəməz onda da sonsuz qürur hissi doğurur".
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş 23 nəfər gəncə üzvlük vəsiqəsi təqdim olundu.
RƏFİQƏ KAMALQIZI