Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, ictimai-siyasi xadim, tanınmış şair, publisist Musa (Urud) Quliyevin 50 yaşı tamam olub. Bu münasibətlə yubilyarı təbrik edirik, ona uzun ömür və can sağlığı, ictimai-siyasi fəaliyyətində və yaradıcılığında uğurlar arzulayırıq. Musa Quliyev 1961-ci il noyabrın 25-də Ermənistan Respublikasının Zəngəzur mahalının Sisyan rayonundakı Urud kəndində anadan olub. Burada orta məktəbi qızıl medalla başa vuran Musa Quliyev 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri (1994-1997) və idarə rəisi (1997-2000) vəzifələrində çalışıb. Tibb elmləri namizədi olan Musa Quliyev həm də ədəbi mühitdə özünə yer qazanıb. Azərbaycanın ədəbi həyatında özünəməxsus yer tutmuş Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, şeirlər yazır. İlk mətbu şeirləri isə 1984-cü ildə dərc olunub. O, həmçinin, bir sıra kitabların da müəllifidir. Belə ki, Musa Quliyevin "Nuh gəminə götür bizi" (şeirlər) 1994, "Tanrı şam yandırıb" (şeirlər) 1995, "Ömürdən 101 şer" (şeirlər) 1997, "Üzü haqqa gedirəm" (şeirlər və poema) 1999, "Urud (bədii publisistika) 2000, "Haqqın var yaşamağa (siyasi publisistika) 2001, "Vətən and yerimiz" (uşaq şeirləri, sinifdən xaric oxu vəsaiti) 2004, "Zəngəzur" (elmi-publisistik nəşr) 2005, "Uruda iki səfər" (bədii publisistika) 2008, "Hər nə varsa" (şeirlər və poemalar) 2008 kitabları işıq üzü görüb. Musa Quliyev, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayır. O, 2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. 2005-ci il noyabrın 6-da 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən üçüncü çağırış Milli Məclisə deputat seçilib. Seçicilərinin etimadını doğruldan Musa Quliyev 2011-ci il noyabrın 7-də bu dairədən təkrar olaraq millət vəkili seçilib. O, Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Bir daha Musa Quliyevi 50 illik yubileyi münasibətilə təbrik edirik və ona fəaliyyətində uğurlar diləyirik.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurası.