Milli Məclisin ötən plenar iclaslarında 2012-ci il büdcə paketinin geniş müzakirəsi oldu. Bununla bağlı "Səs" qəzetinə münasibət bildirən Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkədə davamlı iqtisadi inkişafın və makroiqtisadi sabitliyin təmin edildiyini söylədi. Bildirdi ki, büdcə iqtisadiyyatın güzgüsü rolunu oynayır. "2012-ci ilin dövlət büdcəsinin əsas iqtisadi missiyası nədən ibarətdir" sualını cavablandıran millət vəkili bildirdi ki, gələn ilin dövlət büdcəsi inkişaf büdcəsi kimi xarakterizə edilə bilər: "Gəlirlərin strukturuna baxsaq, görərik ki, burada əsas istiqamət inkişaf məsələsidir. İnfrastrukturla bağlı investisiya təminatlı vəsaitlər yönəldilir. Burada, həmçinin, insan kapitalının daha da güclənməsinə stimul verən bir istiqamət xətti müəyyənləşmişdir. Ötən ildə olduğu kimi, 2012-ci ilin büdcəsi də dövlətin investisiya siyasətinin, proqramının çox mühüm bir vasitəsinə çevriləcək. Bu, həm də təsirli, çevik dövlət siyasətinin həyata keçirilməsinə köməklik göstərəcək. Ölkəmizdə maliyyə resurslarının artması müəyyən edilmiş iqtisadi siyasət çərçivəsində günü-gündən möhkəmləndirilir. Makroiqtisadi tarazlığı pozmamaq şərtilə həm büdcə siyasəti, həm də sosial-iqtisadi siyasətlə əlaqələndirilir. Ümumiyyətlə, götürsək, 2012-ci ilin dövlət büdcəsi həm sosial, həm iqtisadi, həm də insianal inkişafa müsbət təsir göstərəcək bir büdcə kimi qeyd olunmalıdır".
"Baxmayaraq ki, büdcə iqtisadiyyatın güzgüsü rolunu oynayır və iqtisadi inkişafın nəticəsidir" fikrini söyləyən millət vəkili onu da bildirdi ki, büdcədə təkcə iqtisadiyyat dayanmır: "Yəni bugünkü artan, genişlənən, dinamik dərəcədə artmaqda olan büdcəmizin arxasında həm də ölkə rəhbərliyinin uğurlu siyasəti, strategiyası, müxtəlif sahələri əhatə edən dövlət proqramları dayanır. Bir mühüm məsələ də ondan ibarətdir ki, bu gün biz həm sosial, həm iqtisadi sahədə uğurlarla yanaşı, iqtisadi diplomatiya sahəsində uğurların şahidiyik. Ümumiyyətlə, bugünkü büdcə, həm də neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Biz bu büdcədən həm də ölkənin siyasi rəhbərliyinin müxtəlif istiqamətlərlə bağlı konkret aydın hədəflərə, baxışlara malik olduğunu görürük. Bu baxımdan, bu büdcə həm də ölkəyə uğurlu siyasi rəhbərliyinin dövlət idarəçiliyini xarakterizə edən bir büdcədir".
Büdcənin şəffaflığının təmin edilməsi istiqamətində çox mühüm addımların atıldığını söyləyən Z.Səmədzadə onu da bildirdi ki, büdcə vəsaitləri nə qədər artarsa, dövlət nəzarəti də artmalıdır, təmin edilməlidir. Başqa bir cəhət ondan ibarətdir ki, vaxt var idi ki, büdcə paketi 15-20 səhifə ilə təmin olunurdu. Bu gün dövlət büdcəmiz 1500-dən çox səhifəlik geniş informasiyanı, məlumatları özündə birləşdirən bir maliyyə sənədi kimi təqdim edilməkdədir. Büdcədən danışarkən, bəziləri büdcəmizin şəffaf olmadığını qeyd edir. Amma gəlin baxaq. Neft fondunun özü də icmal büdcənin bir tərkib hissəsidir. Necə ola bilir ki, neft fondu şəffaflığa görə dünyada xüsusi bir mükafata layiq görülüb. Bu həm dövlət büdcəsinin neft fondunun vəsaitlərinə aiddir. Dövlət vəsaitləri ilə bağlı olaraq bu şəffaflıq prinsipi saxlanılmaqdadır. Sözsüz ki, gələcək illərdə büdcənin şəffaflığı istiqamətində addımlar davam etdiriləcək. Beləliklə də, bütün bu deyilənləri nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, büdcəmiz real büdcədir və gələn il bizim əhalinin sosial-təminatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.
RƏFİQƏ HÜSEYNOVA