Dünən Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib. MSK sədri Məzahir Pənahov bildirdi ki, Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni keçiriləcək seçkilər noyabrın 30-da saat 08:00-da başlayacaq və axşam saat 19:00-da başa çatacaq.
Bələdiyyələrə seçkilərdə namizədlərin seçkiqabağı təşviqat kampaniyasının başa çatdığını deyən M.Pənahov qeyd etdi ki, artıq Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb: "Bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, təşviqat yalnız qeydə alınmış namizədlər tərəfindən aparılıb. Seçki qanunvericiliyinə uyğun olaraq, noyabrın 7-si saat 08.00-da başlamış təşviqat kampaniyası 21 gün davam edib və dünən səhər saat 08.00-da yekunlaşıb".
M.Pənahov bu seçkilərdə 1155864 Azərbaycan vətəndaşının səsvermə hüququna malik olduğunu söylədi: "İstərdim ki, seçicilər seçkilərdə fəal olsunlar. Noyabrın 30-na təyin olunan seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Səsvermə 1169 məntəqədə baş tutacaq. Bələdiyyə üzvlüyünə namizədliklə bağlı 1627 vətəndaş müraciət edib və imza vərəqələri götürüblər. Ümumilikdə, 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, 2 nəfər vəfat edib. Beləliklə, seçki bülletenlərində 1549 iddiaçının adı gedir. Bunlardan 305 nəfəri qadındır. Namizədlərdən 673 nəfər, yəni 43,45 faiz ali, 605-i, yəni 39,06 faiz orta, 265-i, yəni 17,11 faizi orta ixtisas, 6 nəfəri, yəni 0,38 faiz isə natamam təhsillidir. Qeydə alınan namizədlərdən 709-u bitərəf, qalanları isə siyasi partiya mənsubiyyəti olanlardır. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, "Ümid", Azərbaycan Sosial Rifah, Azərbaycan Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyalarının nümayəndələridir".
Seçkinin gedişi ilə bağlı 5 dəfə ictimaiyyətə məlumat veriləcəyini deyən M.Pənahov gecədən keçmiş də olsa, ictimaiyyətə seçkilərin ilkin nəticələrinin elan ediləcəyini söylədi.
MSK sədri, həmçinin, gələcəkdə Azərbaycanda seçkilərin elektron səsvermə ilə keçirilə biləcəyi ilə bağlı açıqlama da verdi: "Bundan ötrü seçki qanunvericiliyinə dəyişiklik olmalıdır. Lakin bu, təkcə bizdən asılı məsələ deyil. Azərbaycan Avropa Şurasına daxil olarkən, öhdəliklər götürüb, seçki ilə bağlı qanunvericiliyə dəyişikliklər də bu qurumun ekspertləri ilə birgə işlənilməlidir".
MSK sədri seçkilərdə qanun pozuntusu edənlərlə bağlı ciddi ölçü götürəcəklərini də söylədi.
Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
R.HÜSEYNOVA