Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qərargahında YAP Xətai rayon təşkilatının IX konfransı keçirilmişdir. Konfransdan öncə konfrans nümayəndələri və qonaqlar Fəxri Xiyabana gedərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, Onun məzarı önünə çiçək dəstələri və əklillər düzmüşlər.
Sonra konfrans YAP Xətai rayon təşkilatı qərargahının akt zalında öz işinə başlamışdır. Konfransı açıq elan edən YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov seçilmiş nümayəndələri və qonaqları salamladıqdan sonra IX konfransı açıq elan etdi və bildirdi ki, konfransa 291 nəfər nümayəndədən 286 nəfəri qatılmışdır. H.Mirələmov YAP Xətai rayon təşkilatının IX konfransında Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun da iştirak etdiyini nümayəndələrin və qonaqların diqqətinə çatdırdı. Sonra H.Mirələmov ilk olaraq gündəlikdə dayanan müvafiq məsələləri müzakirəyə çıxardı. Konfransın gündəliyində dayanan məsələlər səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Bunun ardınca H.Mirələmovun geniş hesabat xarakterli məruzəsi dinlənildi: "Bu gün biz monolit birliyi, sosial bazası və yüksək intellekti ilə ölkəmizin aparıcı siyasi qüvvəsi olan, milli dövlətçiliyimizin qurulmasında, müstəqil respublikamızın inkişafında müstəsna xidmətləri ilə seçilən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının IX konfransına toplaşmışıq".
H.Mirələmov YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirərək xüsusilə, qeyd etdi ki, partiya bir çox mühüm məsələlərdə üzərinə öhdəliklər götürmüş və bu öhdəlikləri şərəflə həyata keçirmişdir: "Hər birimizə yaxşı məlumdur ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. Ölkəmizin tarixinin ən ağır günlərində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir".
H.Mirələmov məruzəsində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin bir fikrini də konfrans nümayəndələrinə xatırlatmışdır: "Mən partiyanın Sədri kimi bu yüksək məsuliyyəti dərk edirəm. Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etmək böyük şərəfdir! Yeni Azərbaycan Partiyasının bayrağını uca tutun!"
H.Mirələmov çıxışını şüarlarla bitirdi: "Yaşasın Ulu Öndər Heydər Əliyevin ölməz siyasi kursu! Yaşasın partiyamızın Sədri cənab İlham Əliyev! Yaşasın Yeni Azərbaycan Partiyası!"
Sonra söz YAP Xətai rayon qadınlar şurasının sədri Aidə Hüseynzadəyə verildi. A.Hüseynzadə çıxışında qeyd etdi ki, YAP Xətai rayon qadınlar şurası hər zaman öz aktiv fəaliyyəti ilə seçilib. Belə ki, rayon üzrə bir çox tədbirlərdə iştirak edən qadınlar şurası Ulu Öndər Heydər Əliyevə həsr edilmiş dəyirmi masalar keçirib: "Eyni zamanda, qadınlar şurası əlamətdar bayramların qeyd edilməsində yaxından iştirak edib. Həmçinin, Xətai rayonunun ilk partiya təşkilatlarının yubileyləri də bizim tərəfimizdən yüksək əhval-ruhiyyə ilə qeyd edilib".
YAP Xətai rayon gənclər birliyinin sədri Sərxan Əliyev isə partiyanın yaranmasından 19 il ötdüyünü bildirdi və qeyd etdi ki, YAP-da gənclərin sıraları artmaqdadır: "Eləcə də, YAP Xətai rayon təşkilatının gənclər birliyi mütəmadi qaydada illik və rüblük hesabatlar verir, gələcək fəaliyyətini müəyyənləşdirir".
Heydər Əliyev Liseyinin direktoru, YAP üzvü Fikrət Xəlilov çıxışında Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı tarixi fəaliyyətindən danışaraq bildirdi ki, məhz Heydər Əliyev qətiyyəti Azərbaycanı müxtəlif bəlalardan qurtara bildi: ""Səs" qəzeti vasitəsilə Ulu Öndərə olunan müraciət və bu müraciətlərə tarixi cavab Azərbaycanın xilasına doğru atılan ilk addımlardan biri oldu. Bununla da ölkədə sivil və demokratik yolla mübarizənin təməli qoyuldu".
YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə öz çıxışında bildirdi ki, konfrans nümayəndələri hazırda Xətai rayonunda mühüm hadisənin şahidlərinə çevrilirlər. V.Rəhimzadə YAP-ın yaranma tarixinə də ekskurs edərək, vurğuladı ki, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və onun xalqını qorumağa müvəffəq oldu. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonra söz Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədova verildi. Çıxışına konfrans iştirakçılarını təbrik etməklə başlayan Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, Əli Əhmədov əmin olduğunu bildirdi ki, YAP Xətai rayon təşkilatının IX konfransı qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək. Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən Əli Əhmədov vurğulayıb ki, böyük şərəfli yol keçmiş YAP tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir: "Azərbaycanın son illər əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər birmənalı şəkildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Bu gün də YAP öz üzərinə götürdüyü missiyanı şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. YAP-ın hakimiyyətdə olduğu illər ərzində Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir, Azərbaycanın bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunmuş, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilmişdir".
"Bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkəyə, bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Təbii ki, Azərbaycanın nüfuzu, inkişafının bilavasitə nəticələri təkcə bölgənin ən güclü və qüdrətli dövlətinə çevrilməsi ilə məhdudlaşmır",-deyən YAP İcra katibi vurğulayıb ki, Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəltmişdir. Və bunun ən bariz nümunələrindən birini Azərbaycanın bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində görürük. Onun sözlərinə görə, YAP-ın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, vətəndaşların sosial-rifah halında ciddi dəyişikliklər baş verib. Beləliklə də, YAP yarandığı gündən tarixin onun üzərinə qoyduğu missiyanı ləyaqətlə yerinə yetirdiyini ardıcıl olaraq sübuta yetirir.
YAP yaradılarkən üzərinə çox böyük vəzifələr götürdüyünü söyləyən YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, tarixin ayrı-ayrı dövrlərində YAP-ın üzərinə Azərbaycan xalqının arzularından irəli gələn çox müxtəlif vəzifələr qoyulur: "1990-cı illərin əvvəllərində YAP yaradılarkən Azərbaycan xalqının bu partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevdən və partiyadan gözləntiləri hər şeydən əvvəl ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması idi. Və bu vəzifəni YAP və onun rəhbəri layiqincə yerinə yetirdi. Sonrakı mərhələdə Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, ölkəmizdə islahatların həyata keçirilməsi, insanlarımızı narahat edən sosial problemlərin aradan qaldırılması kimi vəzifələri Azərbaycan vətəndaşları partiyamızdan gözləyirdilər və bu vəzifələri də YAP və bu partiyanın sıralarında birləşmiş yüz minlərlə insan layiqincə yerinə yetirdilər. Təbii ki, insanlar bir vəzifənin həyata keçirilməsindən sonra digər vəzifələrin də yerinə yetirilməsi ilə bağlı arzularını da ifadə edirlər".
Daha sonra Əli Əhmədov vurğulayıb ki, bu gün 560 mindən artıq vətəndaşımız YAP sıralarında cəmləşib. Onun sözlərinə görə, bu, sadəcə, statistika deyil: "Bu, həm də Azərbaycan vətəndaşlarının Azərbaycanın bugünkü həyatına verdiyi qiymətdir. Bu, Heydər Əliyev siyasətinə Azərbaycan vətəndaşlarının verdiyi qiymət və bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyinin bəyan edilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlarımızın münasibətinin ifadəsidir. Beləliklə, insanlarımız bu gün Prezidentimizin həyata keçirdiyi siyasətdən və onun nəticələrindən razı olmasaydılar, onun nəticələrini yüksək qiymətləndirməsəydilər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak etmək niyyətlərində olmasaydılar, yarım milyondan çox vətəndaş, fəal insanlar YAP sıralarında olmazdılar. Bu insanlar həm də özlərinin siyasi, ictimai fəallıqlarını nümayiş etdirirlər".
Son illər ərzində YAP Xətai rayon təşkilatının böyük inkişaf yolu keçdiyini söyləyən partiyanın Sədr müavini Əli Əhmədov bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcəyinə əminliyini ifadə edib. YAP İcra katibi, həmçinin, Azərbaycanın bütün rayonlarında olduğu kimi, Xətai rayonunda da böyük quruculuq işlərinin həyata keçirildiyini söyləyərək, vurğulayıb ki, görülən işlər nəticəsində Xətai rayonunun siması dəyişib, sakinlərin sosial vəziyyəti xeyli yaxşılaşıb: "Bütün bunlar isə Azərbaycanda həyata keçirilən Prezident siyasətinin bariz təzahürü kimi, Xətai rayonunda YAP-ın mövqelərinin möhkəmlənməsinə bilavasitə təsir göstərir. Xətai rayonunda həyata keçirilən quruculuq-abadlıq işləri Azərbaycan hökumətinə Xətai rayonunun sakinlərinin etimadını və inamını daha da artırır.
Sonda konfransın işinə uğurlar arzulayan YAP İcra katibi Əli Əhmədov əmin olduğunu bildirib ki, YAP Xətai rayon təşkilatı qarşıda duran məqsədlərə çatmaq üçün bundan sonra da yüksək əzmlə fəaliyyətini davam etdirəcək.
Sonra söz Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədova verildi. R.Məmmədov öz çıxışında Xətai rayonunda gedən abadlıq və quruculuq işlərinin bundan sonra da uğurla davam edəcəyini bildirdi: "Məhz Yeni Azərbaycan Partiyasının da yürütdüyü strateji xətt həmin uğurlara hesablanıb. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin gördüyü hər bir iş öz monolitliyi və mükəmməlliyi ilə gözlər önündədir. Azərbaycan xalqı bundan sonra da öz sevimli Prezidentinin ətrafında sıx birləşərək, daha böyük uğurlara imza atacaq".
Sonra YAP Xətai rayon təşkilatının müvafiq strukturlarında fəaliyyət göstərmək üçün təqdim olunan şəxslərin siyahısı oxundu. Təqdim olunan şəxslər konfrans nümayəndələrinin səs çoxluğu ilə həmin strukturlara seçildilər. Hüseynbala Mirələmov yenidən səs çoxluğu ilə YAP Xətai rayon təşkilatına sədr seçildi.
Konfransın sonunda konfrans nümayəndələri Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul etdilər.
RÖVŞƏN NURƏDDİNOĞLU