Qloballaşan dünyada yaşadığımız zamanda QİÇS yoluxucu xəstəliyi ümumbəşəri məsələ olaraq diqqətdədir. Hazırda dünyada 33,3 milyondan çox insan QİÇS-ə yoluxub. Onlardan İİV-lə yaşayan insanların sayı 33,3 milyon təşkil etmişdir ki, bu sırada 15,9 milyonu qadın, 2,5 milyonu uşaqdır. BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının hesabatında göstərilir ki, son illərdə dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasına nail olunubdur. Belə ki, son 10 ildə yeni yoluxma hallarının və son 5 ildə QİÇS-dən ölüm hallarının 20% azalması, İİV-lə yaşayan insanların sayının isə stabilləşməsi qeyd edilmişdir. Təkcə 2009-cu il ərzində dünya üzrə İİV-ə yeni yoluxmuş insanların sayı 2,6 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı 1,8 milyon olubdur. Statistik rəqəmlərə istinad etsək, görərik ki, Azərbaycanda bu xəstəliyə yoluxma hallarının sayı da az deyil. Respublikamızda bu xəstəliyə yoluxanların sayı artıq 1200-ü ötüb. Onlardan 56-sı əcnəbi, 1176-sı isə Azərbaycan vətəndaşıdır. Sözügedən virusa yoluxmuş Azərbaycan vətəndaşlarının 984-ü kişi, 192-si qadındır. AİDS mərhələsinə keçənlərin sayı 286, QİÇS-dən dünyasını dəyişənlərin ümumi sayı isə 192 nəfərdir.
Azərbaycanda da İİV-infeksiyası/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmış, lakin son illər cinsi yolla yoluxanların sayı artmışdır. Bununla belə, son 4 il ərzində Azərbaycanda yeni İİV-ə yoluxmuş insanların aşkar olunması eyni səviyyədə qalmaqdadır.
2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil edibdir. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olubdur. Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Bununla yanaşı, mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilir. Hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya xatirə günü keçirilir. Xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunmuş və keçirilibdir. O zaman QİÇS-dən ölənlərin sayı bir neçə min nəfər olubdur. Artıq Ümumdünya Xatirə Günü 28-ci dəfədir ki, qeyd olunub və QİÇS-dən ölənlərin sayı isə milyonlarla ölçülür. Bu gün məhz onların xatirəsinin yad edilməsi, bütün insanların isə QİÇS haqqında düşünmələri, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin QİÇS-dən sığortalanmadığını dərk etmələri üçün keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi ənənəvi olaraq anılır və bir sıra tədbirlər həyata keçirilir. Xatirə günü cəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-lə yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır. Xatirə günü həm də İİV/QİÇS-lə yaşayan insanlara, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək məqsədi ilə qeyd edilir.
NƏZAKƏT