İstehsalın yenidənqurulma işləri çərçivəsində 15 milyon Avro dəyərində investisiya qoyulmasını nəzərdə tutan "Baku Steel Company" MMC və Almaniyanın Siemens VAİ firması arasında muqavilə bağlanmışdır. Layihədə mövcud sobanın Almaniyanın Siemens VAİ firmasının istehsalı olan daha müasir-50 tonluq soba ilə əvəz olunması nəzərdə tutulur. İstehsalın yenidən qurulmasının 1-ci mərhələsində yeni sobanın qurulması zavodun 1-ci sahəsində istehsal həcminin 350 min tondan 500 min tona qədər artırılmasına şərait yaradacaqdır.
Yeni soba ilə yanaşı toz və tüstütücü qurğuların da yenidənqurulması həyata keçiriləcəkdir. Almaniyanın ən müasir metallurgiya zavodlarında uğurla tətbiq olunan bu təmizləyici qurğular tam avtomatlaşdırılmış, havaya atılan bütün zərərli maddələrin miqdarına avtomatik nəzarət mexanizminə malik olan cihazlarla təchiz olunubdur.
Yeni layihə "Baku Steel Company" MMC-ni Avropanın ən müasir metallurgiya zavodları ilə bir sırada qoymaqla yanaşı, onun istehsal gücünun 1 milyon 100 min tona çatdırılmasına imkan verəcəkdir.
Qeyd: "Baku Steel Company" MMC Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsidir. Müasir Azərbaycan metallurgiyasının flaqmanı olan müəssisənin 2001-ci ilin iyununda keçirilmiş rəsmi açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyev iştirak edib, buradakı iş və istehsalat şəraitini yüksək qiymətləndiribdir.
"Baku Steel Company" MMC-nin mətbuat xidməti