PDF Oxu

Sosial

  • 26

Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

Dünən 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail rayon icra hakimiyyəti və rayondakı "Əlillər və Gözdən əlillər" cəmiyyətlərinin üzvlərinin tərəfindən Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, ümumilikdə, 150-dən çox əlil üçün musiqili-əyləncəli tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə rayonda həyata keçirilən işlərdən danışdı: "Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən olduğundan, onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacları vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbirlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə çalışırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən, əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının Sərəncamı ilə müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır".

A.Əsgərov onu da bildirdi ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin, gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Onların sağlamlığının qorunması, yaşayış durumlarının yaxşılaşdırılması üçün hər cür şərait və imkanlar yaradılır.

Tədbirdə digər çıxış edənlər də əlil vətəndaşlarımıza və xüsusilə də, əlil uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda əlillərə RİH tərəfindən hədiyyələr təqdim olunub. Tədbir incəsənət ustalarının çıxışları ilə davam edib.

R.HÜSEYNOVA

Digər xəbərlər