PDF Oxu

Sosial

  • 31

Demokratiyanın növbəti tərənnümü

Demokratiyanın növbəti tərənnümü

Dünən bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirildi. Xatırladaq ki, respublikamızda fəaliyyətdə olan bələdiyyələr 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşıbdı.

Bununla yanaşı, ötən müddət ərzində fəaliyyətdə olan bəzi bələdiyyələrdə bir sıra üzvlərin səlahiyyətləri başa çatmış və ya vaxtından əvvəl xitam verilibdir. Bunun da nəticəsində bəzi bələdiyyə üzvlərinin yerləri boş qalıbdı. Göstərilən əsaslar boş qalmış bələdiyyə üzvlərinin yerlərinin tutulması üçün həmin bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin təyin edilməsi zərurəti yaratdı. Buna görə də Mərkəzi Seçki Komissiyasının qərarına əsasən noyabr ayının 30-na respublikamızda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər təyin edildi.

Qeyd edək ki, seçkiqabağı təşviqatın aparılması müddəti səsverməyə 23 gün qalmış, yəni, noyabrın 7-də başlayıb və noyabrın 29-da səhər saat 8-də başa çatıb. Lakin seçkilərdə ölkə üzrə siyasi partiya və ya blok qeydə alınmadığından, yalnız qeydə alınmış namizədlər təşviqat aparıblar. Bu seçki ərəfəsində təbliğat-təşviqat kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun, demokratik şəraitdə keçib və qanun pozuntusu qeydə alınmayıb. Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər 86 seçki dairəsinin 1169 seçki mənqətəsində keçirilib. Seçki məntəqələri üzrə qeydə alınmış seçicilərin sayı isə 1 milyon 155 min 864 nəfəri təşkil edib. Belə ki, Azərbaycan vətəndaşları 330 bələdiyyəyə 464 üzvün seçilməsinə səs verdilər. Bələdiyyə üzvü seçilmək istəyən namizədlərin sayı isə 1549 nəfəri əhatə edib. Seçkiyə qatılanlardan 709 nəfər bitərəf, qalanları isə 9 siyasi partiyanın üzvləri olub. Bələdiyyə seçkiləri ilə əlaqədar seçki dairələri üzrə qeydiyyatdan keçmiş müşahidəçilərin sayı isə 9883 nəfəri təşkil edib. MSK-da isə 40 nəfər seçki müşahidəçisi kimi rəsmi qeydiyyatdan keçib. Müşahidəçilərin ümumi sayı 9923 nəfər təşkil olunub. Səsvermənin gedişi və seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində 5 dəfə açıqlanmış, səsvermə saat 19.00-da başa çatmışdır.

Belə ki, aparılan müşahidələr də göstərmişdir ki, səsvermə prosesi həm Bakıda, həm də bölgələrimizdə uğurla həyata keçirilmişdir. 13 saylı Xəzər birinci seçki dairəsində 21 məntəqə üzrə, 14 saylı Xəzər ikinci seçki dairəsində 35 məntəqə üzrə seçicilərin seçki məntəqələrinə fəal şəkildə getmələri müşahidə olunmuşdur. Məntəqələrdə səs vermiş seçicilərlə apardığımız söhbətlər zamanı bəlli olmuşdur ki, onlar rahat şəkildə məntəqələrə gedərək, öz namizədlərinə səs veriblər. Bu isə Azərbaycanda demokratik seçkilərin keçirilməsinə, eləcə də, seçicilərin heç bir təzyiqlərə uğramadan demokratik şəkildə səs vermələrinə olan danılmaz sübutdur.

Uğurlu seçki prosesi Naxçıvanda da reallaşmışdır. 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur seçki, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək, eləcə də, 7 saylı Ordubad-Culfa seçki dairələrinin bütün məntəqələrində seçicilərin aktivliyi nəzərə çarpmışdır.

Gəncə şəhərində keçirilən seçkilər fəal və demokratik şəraitdə başa çatmışdır. Gəncənin 37 saylı Nizami birinci seçki dairəsində 27 məntəqə, 38 saylı Nizami ikinci seçki dairəsində 25 məntəqə, 39 saylı Kəpəz birinci seçki dairəsində 31 məntəqə, 40 saylı Kəpəz ikinci seçki dairəsində 28 məntəqə üzrə seçicilər səs verərək, öz bələdiyyə üvlərini seçmişlər.

Həmçinin, 41 saylı Sumqayıt birinci seçki dairəsində 39 məntəqə, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 37 məntəqə, 43 saylı Sumqayıt üçüncü seçki dairəsində 33 məntəqə, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində 13 məntəqə üzrə seçicilərin fəallığı qeydə alınmışdır.

Bütün bunlarla yanaşı, digər bölgələrdə də baş tutan seçkilərin nəticələri uğurlu olaraq dəyərləndirildi. Belə ki, bu seçkilər də uğurla başa çataraq, Azərbaycanda demokratik dəyərlərin qorunmasını, aliliyini sübut etmişdir. Çünki bunun üçün Azərbaycanın mükəmməl seçki qanunvericiliyi, cəmiyyətin möhkəm sabitliyi və ən əsası, böyük siyasi iradəsi mövcuddur.


RÖVŞƏN

Digər xəbərlər