Dünən saat 08.00-dan etibarən seçkilər keçirilən ərazilər üzrə seçki məntəqələri saat 19.00-dək açıq olub. MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov keçirilən seçkilərlə bağlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, seçki məntəqələrinin sayı 1169-dur: "Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilib. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb.
16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, "Ümid", Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir. Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69 faiz) qadındır. Namizədlərin 673 nəfəri (43,45 faiz) ali, 605 nəfəri (39,06 faiz) orta, 265 nəfəri (17,11 faiz) orta ixtisas, 6 nəfəri isə (0,38 faiz) natamam ali təhsillidir. Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1155 864 nəfərdir".
R.Hüseynov onu da bildirdi ki, seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçmiş, qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı isə 9923 nəfərdir. Gün ərzində 5 dəfə - saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar verilib.
Bölgələrdə keçirilən bələdiyyə seçkiləri demokratik prinsiplərə uyğun şəkildə baş tutdu
"Seçkilər" İnformasiya Mərkəzinin verdiyi məlumata görə, bölgələrdə də xalqımız böyük seçki fəallığı ilə iştirak etdi və öz rəyini bildirdi. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin tam demokratik prinsiplərə uyğun keçirilməsi üçün dövlətimiz hər bir şəraiti yaratdı. Azərbaycanda keçirilən bütün seçkilər kimi bələdiyyələrə təkrar, əlavə seçkilər də tam şəffaf keçirilir.
O cümlədən, bələdiyyə seçkiləri zamanı müşahidə etdiyimiz 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci seçki dairələrində seçicilərə hər cür şəraitin yaradıldığının şahidi olduq. Öyrəndik ki, üç dairədə 107072 seçici 79 məntəqədə səs verəcək. Seçicilərlə söhbət zamanı bir daha bunun şahidi olduq. Məntəqələrdə səs verən seçicilərin ümumi fikri bu oldu ki, yeni institut olsa da bələdiyyələr funksiyasını vətəndaşların təklif və tələblərinə uyğun yerinə yetirir. Daha mütərəqqi metodlar əsasında formalaşan yerli özünüidarəetmə orqanlarının hüquqi və icra mexanizmləri müasirləşir. Çünki regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsində də bələdiyyələrin rolu az deyildir: "Bu baxımdan, tam əminliklə deyə bilərik ki, bu gün seçicilərin dəstəklədiyi hər bir namizəd gələcəkdə bələdiyyə üzvü kimi ona göstərilən etimadı layiqli işi ilə doğruldacaq".
Gənc seçicilər də seçici kimi ölkədə inkişaf etdirilən demokratik islahatlardan razılıqla danışdılar, bələdiyyələrdə gənclərin 23 faizlə təmsil olunmasını Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin uğurla həyata keçirilməsi kimi yüksək dəyərləndirdilər. Gənclər onu da vurğuladılar ki, Prezident İlham Əliyevin gənclərin nümayəndələri ilə görüşləri, yeni nəsli düşündürən məsələlərlə maraqlanması bizdə yüksək əhval-ruhiyyə yaratdı: "Gənclərin sosial şəraitinin yaxşılaşdırılması haqqında qəbul olunan Dövlət Proqramında demək olar ki, ən aktual prioritetlər əksini tapıb. Bu gün biz gənclərin siyasi fəallığının artırılması üçün həyata keçirilən islahatlar bizim yaxşı təhsil almağımız, səmərəli istirahətimiz üçün imkanları genişləndirir. Proqramda ümdə vəzifə kimi diqqət yetirilən gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ipoteka siyasətinin həyata keçirilməsi isə aktual məsələ kimi bizi daha çox sevindirir. Dövlət başçımızın bu məsələ ilə xüsusi maraqlanması Azərbaycanda sağlam ailə şəraitinin yaxşılaşdırılması üçün vacib amillərdəndir".
Eyni zamanda, müşahidə apardığımız seçki məntəqələrində istər müxtəlif partiyalardan olan, istər müstəqil və istərsə də beynəlxalq müşahidəçilərin hamısı seçkilərin tam demokratik prinsiplərə uyğun şəkildə keçirildiyini və heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdilər.
Məntəqələrdə gördüklərimiz belə inam yaratdı ki, Azərbaycan vətəndaşları dünya ictimaiyyətinə bir daha ölkə demokratiyasının təntənəsini birlik və həmrəyliyi ilə sübut edəcək.
Sonda qeyd edək ki, respublikamızda keçirilən bələdiyyə seçkiləri də uğurla başa çatdı və demokratik prinsiplərə tam cavab verdi.
Seçicilər və müşahidəçilər səsvermənin gedişindən razıdırlar
89 saylı Göyçay-Ağdaş seçki dairəsinin əhatə etdiyi 13 məntəqədə təkrar bələdiyyə seçkiləri uğurla başa çatmışdır. Dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov AzərTAc-a bildirmişdir ki, məntəqələr normal telefon rabitəsi və elektrik enerjisi ilə təmin olunmuş, seçicilərin sərbəst səs verməsi üçün hər cür şərait yaradılmışdır.
Şəhər bələdiyyəsində mövcud iki boş yer uğrunda 5 namizədin mübarizə apardığı seçkiləri izləmək üçün 134 müşahidəçi qeydiyyatdan keçmişdir. Səsvermədə 16 min 839 seçicidən 3 min 510 nəfəri, yəni 20,8 faizi iştirak edərək istədiyi namizədə səs vermişdir. Heç bir qanun pozuntusu müşahidə olunmamış və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak etmişlər.
Göyçayda seçki qanunvericiliyinin pozulması halları qeydə alınmayıb
Göyçay rayonunun Mallı-Şıxlı və Bəydövül kəndlərində yaşayan sakinlər noyabrın 30-da bələdiyyələrə keçirilən təkrar seçkilərdə fəal iştirak etmişlər.
88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının sədri Eldəniz Həmidov AzərTAc-a bildirmişdir ki, gün ərzində dairə seçki komissiyasına məntəqələrdən seçki qanunvericiliyinin pozulması barədə müraciət daxil olmamışdır. Seçkilər əhalinin yüksək fəallığı ilə azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Saat 19.00-dək Mallı-Şıxlı kəndində 1085 seçicidən 227 nəfəri, Bəydövül kəndində isə 788 seçicidən 170 nəfəri seçkilərdə iştirak etmişdir. Ümumi seçicilərin 21 faizi səsvermədə iştirak etmişdir.
Məntəqələrdə səsvermənin gedişini müxtəlif ictimai birlikləri və siyasi partiyaları təmsil edən 20 yerli müşahidəçi izləmişdir. Mallı-Şıxlı və Bəydövül bələdiyyəsinin hər birində 4 namizəd mübarizə aparmışdır.
Ağdam və Tərtər rayonlarında bələdiyyə seçkiləri demokratik şəraitdə keçib
Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər Ağdam və Tərtər rayonlarında demokratik şəraitdə keçib. 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasından AzərTAc-a bildirmişlər ki, Mərzili bələdiyyəsinə 1 bələdiyyə üzvü yerinə keçirilən seçkilərdə 4 namizəd mübarizə aparır. Seçkilərin keçirildiyi 1 seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı 1204 nəfərdir. Saat 17.00-dək seçicilərin 178 nəfəri - 14,8 faizi seçki məntəqəsinə gələrək azad, sərbəst seçimlərini etmişlər. Heç bir qanun pozuntusu qeydə alınmamışdır.
95 saylı Tərtər seçki dairəsi üzrə Qaradağlı bələdiyyəsinə 1 bələdiyyə üzvü yerinə seçkilər keçirilir. 4 namizədin qeydə alındığı bu dairədə səsvermə 2 seçki məntəqəsində təşkil olunmuşdur. Seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, saat 17.00-dək 1753 nəfər seçicidən 310-u (17,63 faizi) layiqli namizədə səs vermişdir. Müşahidəçilərin məntəqədə səsvermə prosesinin gedişini maneəsiz izləmələri üçün hər şərait yaradılmışdır.
Tovuz, Ağstafa və Qazax rayonlarında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni keçirilən seçkilər başa çatıb
Tovuz, Ağstafa və Qazax rayonlarında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni keçirilən seçkilər başa çatmışdır.
Seçki dairələri dairə seçki komissiyalarından verilən məlumata görə, 105 saylı Tovuz seçki dairəsinin 5 məntəqəsində səsvermədə iştirak etməli olan 5 min 271 seçicinin 1133 nəfəri, yəni 21,5 faizi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 1 məntəqəsində səsvermədə iştirak etməli olan 1423 seçicinin 319 nəfəri, yəni 22,4 faizi, 107 saylı Qazax seçki dairəsinin 9 məntəqəsində səsvermədə iştirak etməli olan 11 min 230 seçicinin 2452 nəfəri, yəni 21,83 faizi, 108 saylı Ağstafa seçki dairəsinin 8 məntəqəsində səsvermədə iştirak etməli olan 9 min174 seçicinin 2 min 65 nəfəri, yəni 22,5 faizi artıq səsvermədə iştirak etmişdir. Verilən məlumatlara görə, heç bir məntəqədə qanun pozuntusu qeydə alınmamışdır. Seçkilərin gedişi yerli müşahidəçilər tərəfindən izlənilmişdir.
Gəncədə daha bir seçki mütəşəkkilliklə başa çatdı
Gəncədə daha bir seçki mütəşəkkilliklə başa çatdı. Seçkilərdə zəngin təcrübə qazanan xalqımızın həmişə ön sıralarında gedən gəncəlilər bu dəfə də fəallıqlarını nümayiş etdirdilər. Səhər tezdən seçki məntəqələrinə gələn şəhər sakinləri etimad və etibar göstərdikləri namizədlərə səs verməklə demokratik seçki ənənələrini qoruyub saxladılar. 2 bələdiyyə üzvü yerinə 12 nəfər namizəd sivil qaydada mübarizə apardı. Kimin qalib gəlməsi isə Mərkəzi Seçki Komissiyasının yekun açıqlamasından sonra məlum olacaqdır.
37 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Hüseynov AzərTAc-a demişdir ki, dairəni əhatə edən 24 məntəqədə 35 min 8 seçici qeydiyyatdadır. Onlar 1 yer uğrunda 7 namizədin mübarizə apardığı seçkilərdə kimə səs vermək lazım olduğunu müəyyənləşdirərək sərbəst şəkildə istədikləri namizədə səs verdilər və bununla da seçkilərdə əsl fəallıq nümayiş etdirdilər. İstər müxtəlif siyasi partiyaların, istərsə də öz təşəbbüsü ilə müşahidəçi olan nümayəndələrin hamısı seçki prosesindən razı qaldılar.
Bəli, daha bir seçki gəncəliləri sınağa çəkdi və onlar bu sınaqda da mütəşəkkillik nümayiş etdirdilər.
RƏFİQƏ KAMALQIZI