Milli Məclisin sosial siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli və deputat Hüseynbala Mirələmov "Zərifə Əliyeva" kitabının təqdimat mərasimində iştirak etmək üçün dekabrın 1-dən 4-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş bu kitabın müəllifi Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovdur. İctimaiyyət arasında böyük maraqla qarşılanan "Zərifə Əliyeva" kitabı belarus dilinə tərcümə edilərək nəşr olunub. Azərbaycanın Minskdəki səfirliyi ilə Belarus Milli Kitabxanasının birgə təşkil etdikləri təqdimat mərasiminə bu ölkənin dövlət rəsmiləri, deputatlar, diplomatik korpusun, diasporun, medianın və yerli ictimaiyyətin nümayəndələri dəvət olunublar. Tədbirdə Azərbaycan parlamentinin deputatları çıxış edəcək, akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşəcəklər. Səfər çərçivəsində Belarus-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüş də nəzərdə tutulub.