PDF Oxu

Sosial

  • 19

“Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər”

“Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər”

Ermənilər Qafqaz Albaniyası tarixini heç vaxt saxtalaşdıra bilməyəcəklər. Çünki tarixçi alimlərin əlində bununla bağlı kifayət qədər faktlar vardır. AzərTAc xəbər verir ki, bu fikir dekabrın 1-də Bakıda öz işinə başlamış "Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu" adlı beynəlxalq elmi konfransda səsləndirilib.

Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti və Prezident yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans üç gün davam edəcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqaz Albaniyasının bir dövlət kimi Azərbaycanın və bütövlükdə Qafqazın tarixində yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaq. Konfrans eramızdan əvvəl dördüncü minillikdən Ərəb xilafətinin yürüşünə və ondan sonrakı dövrədək olan real tarixi ortaya qoyacaq. Bu tarixi mənbələr erməni iddialarının aradan qaldırılmasına kömək edəcək. Qafqaz Albaniyasına məxsus abidələrin Azərbaycan tərəfindən qorunub saxlandığını vurğulayan Əli Həsənov deyib ki, erməni alimləri bu tarixi saxtalaşdırmaqla yanaşı, öz mövcudluqlarını qədimləşdirməyə çalışırlar. "Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizin tarixinin saxtalaşdırılması nümunələri vardır. Bu gün imkan yoxdur ki, o ərazilərdə Qafqaz Albaniyasına, orta əsrlərə aid abidələri qoruyaq. Bu abidələrin izləri qalmışdır", - deyə şöbə müdiri bildirib.

Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, konfransın mövzusu Azərbaycan üçün həmişə aktualdır. Çünki bu gün Azərbaycan ərazisində mövcud olan tarixi abidələrin adlarının özünə qaytarılması istiqamətində çox böyük addımlar atılır. Etiraf edək ki, vaxtilə Azərbaycan ictimaiyyətinə çoxlu yalan vədlər verilib. Amma tanınmış alimlərimizin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu tarixi məbədlər kimə məxsusdur. Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Gürcüstan Əlyazmalar Fondunun baş elmi məsləhətçisi Zaza Aleksidze isə vurğulayıb ki, Albaniyanın ərazisi qədim Azərbaycan torpaqlarıdır. Azərbaycandakı Alban kilsəsi tarixi erməni kilsəsinin tarixindən daha qədimdir, - deyən Z.Aleksidze qeyd edib ki, bununla bağlı yanlışlığa yol verən ermənilər sonradan buna görə üzr istəməyə məcbur olurlar.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər çıxış edənlər də Qafqaz Albaniyası tarixində Azərbaycanın mühüm rolundan danışıblar.

Bildirilib ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı həm Azərbaycan, həm də dünyanın bir çox ölkələrindən olan albanşünas alimlər növbəti araşdırmalara başlayıblar. Konfransda Almaniya, Rusiya, Yaponiya, Polşa, İtaliya, Gürcüstan və Dağıstandan olan alimlərin Qafqaz Albaniyasının tarixi, arxeologiya və memarlığının müxtəlif problemlərinə dair məruzələri dinləniləcək.

Digər xəbərlər