PDF Oxu

Sosial

  • 19

Təhsil işçilərinin əmək haqları 10 faiz artırıldı

Təhsil işçilərinin əmək haqları 10 faiz artırıldı

Məlum olduğu kimi, Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Məsələyə münasibətini öyrəndiyimiz şəhər orta məktəblərinin müəllimləri ölkə başçısının bu Sərəncamını müsbət qarşıladıqlarını bildirdilər.


Şövkət Abdulova,

Bakı şəhər 7 saylı orta məktəbin müəllimi:


- Təbii ki, biz hər zaman ölkə başçısının müəllimlərə diqqət və qayğısını hiss edirik. Prezident İlham Əliyev istər müəllimlərlə keçirdiyi görüşlərdə, istərsə də təhsil müəssisələrinin açılış mərasimlərində iştirakı zamanı müəllimlərin ünvanına xoş sözlər söyləyib. Yəni ölkə rəhbərliyi tərəfindən hər zaman təhsil işçiləri yüksək qiymətləndirilib. Mən də ölkə başçısının təhsil işçilərinin əmək haqlarının artırılması ilə bağlı Sərəncamını eşitdim və çox sevindim. Dövlət başçımıza bizə göstərdiyi diqqət və qayğısına görə təşəkkürümüzü bildiririk.


Solmaz Səidova,

məktəbin tarix müəllimi:


- Bu gün müəllimlərin əməyinə göstərilmiş diqqət bizi çox sevindirir. Biz Azərbaycanın hər gün yüksəlişini, əldə etdiyi nəticələri görürük. Bu, bizi çox sevindirir. Bizim də bir pedaqoq olaraq qarşıya qoyduğumuz məqsəd odur ki, respublikamızın dünyadakı mövqeyini şagirdlərə çatdırmaqdır. Fəxr edirəm ki, dövlətimiz bizim əməyimizə diqqət və qayğısını əsirgəmir. Mən tarixçi olduğum üçün tarixə nəzərə salmaq istəyirəm. Müasir tariximizə nəzər saldıqda, görürük ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təhsil sahəsinə və müəllimlərimizə dövlətin diqqət və qayğısı artırıldı. Ümummilli Liderin bu siyasəti bu gün də uğurla davam etdirilir.


Məlahət Rəhimova,

məktəbin ingilis dili müəllimi:


- Ulu Öndərimiz Heydər Əliyev qeyd edib ki, "Mən müəllim adından yüksək ad tanımıram". Bu, Ümummilli Liderimizin müəllimlərə, müəllim əməyinə verdiyi qiymətdir. Biz də bir pedaqoq kimi sevinirik ki, müstəqil Azərbaycanın qurucusu olan bir şəxs müəllimlərə belə bir qiymət verib. Çox sağ olsun ki, bu siyasəti davam etdirən Prezident İlham Əliyev hər il təhsil işçilərinin əmək haqlarının artırılması ilə bağlı Sərəncam verir. Ölkə başçısının imzaladığı sonuncu qərarı minnətdarlıq hissi ilə qarşılayırıq.

Elşən Qasımov,

məktəbin tarix müəllimi:


- Mən bu xəbəri televiziyadan eşidəndə, çox sevindim. Təhsil işçilərinin orta əmək haqlarının dekabrın 1-dən 10 faiz həcmində artırılması müəllimlərin sosial vəziyyətinə müsbət təsir göstərəcək. Buna görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Bu Sərəncamı dövlət başçısının öz müəllimlərinə diqqəti və qayğısı kimi qiymətləndirirəm.


Nailə Sadıqova,

Bakı şəhər 8 saylı orta məktəbin müəllimi:


- Prezident İlham Əliyevin imzaladığı məlum Sərəncam bizi hədsiz dərəcədə sevindirdi. Düşünürəm ki, müəllimlərə verilən əmək haqları nə qədər yüksək olarsa, o qədər yaxşıdır. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, müəllimlərin də əmək haqlarının daha da artırılmasının şahidi olacağıq. Çünki biz hər zaman əmək haqlarının artırılmasının şahidi olmuşuq. Heç şübhəsiz ki, bu siyasət bundan belə də davam edəcək.


Jalə Zeynalova,

məktəbin ibtidai sinif müəllimi:


- Azərbaycan dövləti hər bir zaman həm təhsil işçilərinə, həm də məktəblərimizin inkişafına böyük diqqət və qayğı göstərir. Bu gün istər dövlət büdcəsinin maliyyə hesabına, istərsə də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə yüzlərlə təhsil müəssisəsi tikilir, əsaslı təmir olunur. Bu da, öz növbəsində, təhsilə verilən qiymətdir. Yəni bu gün Azərbaycan müəllimi müasir maddi-texniki bazaya malik olan məktəblərdə çalışır. Bu da təhsil işçilərini çox sevindirir. Ölkə başçısının əmək haqlarının artırılması ilə bağlı imzaladığı Sərəncama görə Prezidentimizə öz minnətdarlığımı bildirirəm.


Laçın Nəbiyeva,

məktəbin ibtidai sinif müəllimi:


- Bu gün dövlətin diqqət və qayğısının nəticəsində təhsilimiz Avropaya inteqrasiya edir. Artıq Azərbaycanın ali məktəbləri ilə yanaşı, orta ümumtəhsil məktəbləri də xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bu, Azərbaycan təhsilinin son illər ərzində əldə etdiyi naliyyətlərdir. Eyni zamanda, təhsil işçilərinin əmək haqlarının artırılması da bu işlərin tərkib hissəsidir. Bütün bu diqqət və qayğıya görə, təhsil işçiləri adından ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk.


GÜLYANƏ AĞAKƏRİMOVA,

ANAR MƏCİDZADƏ

Digər xəbərlər