PDF Oxu

Sosial

  • 11

Aşura günündə İçəri şəhərdəki “Cümə” məscidində qanvermə aksiyası keçirilib

Aşura günündə İçəri şəhərdəki “Cümə” məscidində qanvermə aksiyası keçirilib

Aşura günündə Məhərrəm ayının keçirilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının toplantısında verilmiş fətvaya əsasən respublikamızın bir çox dini ibadət yerlərində irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın xeyirinə könüllü qanvermə aksiyaları keçirilib.

Dünən Səbail rayonundakı iki ünvanda yerləşən dini ibadət yerində - İçərişəhər "Cümə" və Bibiheybət məscidlərində könüllü qanvermə aksiyaları keçirilibdir. Hər bir müsəlman üçün böyük savab sayılan bu aksiyada çoxlu insanlar iştirak edib. Eyni zamanda, hər iki məsciddə qanvermə aksiyasına müvafiq hazırlıq işləri görülmüş, Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qanköçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılmışdır. Həkimlər müvafiq yoxlamalardan sonra könüllü donorlardan qanverməni təmin etmişlər.

İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bu aksiya ilə bağlı bildirdi ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəbər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir: "Buna görə də talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik. Gün ərzində aksiyada 150 nəfər mömin iştirak etmişdir. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olmuşdur".

Gün ərzində Səbail rayonundakı Bibiheybət məscidində keçirilən könüllü qanvermə aksiyasında isə 350 nəfərdən çox şəxs qanvermə aksiyasında iştirak edibdir. Qeyd edək ki, Səbail rayonundakı Bibiheybət məscidində və İçərişəhər "Cümə" məscidində bu qanvermə aksiyaları artıq 6-cı dəfədir ki, keçirilir.


R.Hüseynova

Digər xəbərlər