Dünən YAP Gədəbəy rayon təşkilatı VII konfransından sonra təşkilat ilk şura iclasını keçirib. Şura üzvləri ilk öncə rayonun mərkəzində ucaldılan Yeni Azərbaycan Partiyasının yaradıcısı və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, Onun əziz xatirəsini yad etdilər.
Sonra tədbir YAP Gədəbəy rayon təşkilatı qərargahının iclas zalında davam etdirildi. Şura iclasında təsdiq edilmiş gündəlik əsasında rayon təşkilatının idarə heyətinin tərkibi, gənclər birliyinin sədrinin və tərkibinin seçilməsi, qadınlar şurasının sədrinin və tərkibinin seçilməsi məsələsi müzakirə edilərək öz təsdiqini tapdı.
Təşkilati məsələdən sonra rayon təşkilatının 2012-ci ilə dair iş planları müzakirə edilərək, təsdiq edildi.
YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tarixi zərurətdən və Azərbaycan ziyalılarının müraciət və xahişi ilə yaranmış Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə ölkəmizdə gedən ictimai-siyasi uğurlaradan danışdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqın güvənc etdiyi partiyadır. Rayon təşkilatının sədri belə bir fikri də vurğuladı ki, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri var. R.Muradov onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası gündən-günə daha da mükəmməlləşir, öz sıralarını genişləndirir: "Sevindirici haldır ki, bu gün YAP-ın üzvlərinin böyük əksəriyyətini Ulu Öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin böyük önəm verdiyi gənclər ordusu təşkil edir. Bu, Yeni Azərbaycan Partiyasının gücünə güc qatır. "Dünənin, bu günün, sabahın" partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır".
Şura üzvlərindən Qüdrət Paşayev, Elşad Bayramov, Məryəm Həsənova öz çıxışlarında gündəlikdə nəzərdə tutulmuş məsələlərin təsdiq edilməsinə tərəfdar olduqlarını bildirərək, partiya və hökumətimizin monolit birliyi ilə ölkəmizdə gedən quruculuq-abadlıq işlərindən danışdılar. Çıxış edənlər onu da söylədilər ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Liderimiz Heydər Əliyev olub. Bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
R.HÜSEYNOVA