PDF Oxu

Sosial

  • 24

ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi...

ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi...

Artıq 20 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpağı erməni işğalı altındadır. Təəssüf ki, bu münaqişənin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Onu da qeyd edək ki, artıq adıçəkilən təşkilatın fransalı həmsədri yenisi ilə əvəz olunub. Məsələ ilə bağlı söhbət etdiyimiz müsahiblərimiz qeyd etdilər ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil.


Musa Qasımlı, Milli Məclisin deputatı, professor:


- ATƏT-in Minsk Qrupuna yeni həmsədrin gəlməsi yaxın zamanlaradək Fransanın yeni təklifinin olmadığı anlamına gələ bilər. Ona görə ki, ATƏT-in Minsk Qrupunun fransalı yeni həmsədri Dağlıq Qarabağ münaqişəsi və indiki vəziyyətlə yaxından tanış olmalıdır. Ondan sonra isə sözügedən həmsədr bu münaqişə ilə bağlı olaraq yeni təkliflərlə çıxış edə bilər. Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni təkliflərin olacağı inandırıcı görünmür. Ümumiyyətlə, sözügedən münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti qənaətbəxş deyil. Demək olar ki, onların regiona səfərləri turist səfərlərinə bənzəyir. Əgər həqiqətən də, həmsədrlər bu münaqişənin tənzimləməsini istəyirlərsə, o zaman onlar təcavüzkarı öz adı ilə çağırmalı və işğalçı ölkəyə təzyiqlər etməlidirlər. Belə olan təqdirdə, münaqişə ədalətli həll oluna bilər. Ancaq təəssüf ki, biz bunu görmürük.


Cümşüd Nuriyev, politoloq:


- ATƏT-in Minsk Qrupunun fransalı həmsədrinin yenisi ilə əvəzlənməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbətə doğru heç nəyi dəyişən deyil. Çünki 2012-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Bir sözlə, Fransa prezidenti Nikolya Sarkozi çalışır ki, Fransada fəaliyyət göstərən erməni lobbisinin dəstəyini qazansın. Fikrimcə, ATƏT-in Minsk Qrupuna yeni gələn fransalı həmsədr ilk öncə Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in bu günə qədər gördüyü işlərlə yaxından tanış olacaq. Bir sözlə, ATƏT-in Azərbaycandakı missiyası hələ ki, nə məzmunca, nə də keyfiyyətcə dəyişib. Sadəcə olaraq, formaca dəyişir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı olaraq, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən hər hansı bir müsbət addımın atılacağı inandırıcı görünmür. Çünki uzun illərdir ki, qeyd olunan münaqişənin həlli ilə bağlı həmsədrlər fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur.

GÜLYANƏ

Digər xəbərlər