Dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycan rabitəsinin 130 illiyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə nazirliyin və onun ayrı-ayrı strukturlarının rəhbərləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan rabitəsinin 130 illiyinin respublika miqyasında geniş qeyd olunduğunu, dövlət başçısının sərəncamları əsasında bu sahənin inkişafında müstəsna xidmətləri olan bir qrup əməkdaşın yüksək fəxri adlara layiq görüldüyünü bildirmişdir. Fondla nazirliyin birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlaşdığını və qaliblərin müəyyənləşdiyini diqqətə çatdıran İltimas Məmmədov demişdir ki, belə tədbirlərin keçirilməsi mətbuat nümayəndələri ilə nazirliyin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişafına, habelə cəmiyyətin rabitə sahəsində islahatlar və yeniliklər barədə obyektiv məlumatlandırılmasına xidmət edir. Nazir müavini qalibləri təbrik etməklə yanaşı, ölkə jurnalistlərinin rabitə sahəsində islahatların ictimaiyyətə çatdırılmasında bundan sonra da fəallıq göstərəcəklərinə əminliyini bildirmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Azərbaycan rabitəsinin 130 illik yubileyini ölkə əhəmiyyətli hadisə kimi dəyərləndirərək bu münasibətlə nazirliyin çoxsaylı kollektivini səmimi təbrik etmiş, ölkə başçısının müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş rabitəçilərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra müsabiqənin yekunları barədə məlumat verən Vüqar Səfərli noyabrın 4-dən dekabrın 1-dək Fonda ümumilikdə 42 yazının təqdim olunduğunu bildirmişdir. Fondun icraçı direktoru, həmçinin müsabiqənin 7 istiqamət üzrə keçirildiyini, hər istiqamət üzrə 3 qalibin müəyyənləşdirildiyini, 10 yazı müəllifinin isə həvəsləndirici mükafata layiq görüldüyünü tədbir iştiraçılarının diqqətinə çatdırmışdır. Vüqar Səfərli müsabiqə şərtlərinə görə I yerin qalibləri üçün 1000 manat, II yerin qalibləri üçün 800 manat, III yerin qalibləri üçün 600 manat, eləcə də 10 həvəsləndirici yerin qaliblərinin hər biri üçün 300 manat mükafatın nəzərdə tutulduğunu bildirmişdir.
Daha sonra tədbirdə iştirak edən bir sıra qəzetlərin baş redaktorları və nazirliyin rəhbər şəxsləri fəxri diplom və pul mükafatlarını müsabiqə qaliblərinə təqdim etmişlər. Mükafatlandırma mərasimindən sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məhəmmədov qalibləri təbrik etməklə yanaşı, kütləvi informasiya vasitələri ilə rabitə strukturları arasında normal münasibətlərin daha da inkişaf etdirilməsi vacibliyini qeyd etmişlər.
Tədbirin sonunda Fondun icraçı direktoru Vüqar Səfərli belə bir müsabiqənin təşkilinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir