Azərbaycan-Amerika Ticarət Palatası (AATP) dekabrın 8-də növbəti işgüzar nahar təşkil etmişdir. Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak etmişdir.
AATP-nin nümayəndəsi Daniel Miesus demişdir ki, işgüzar nahar formatında keçirilən görüşlər palata üzvləri ilə dövlət və hökumət qurumları arasında ünsiyyət yaratmaq üçün hər ay keçirilən ənənəvi tədbirdir. Bu tədbirlərin keçirilməsinə AATP yarandığı vaxtdan başlanıb. Palatanın yerli və xarici şirkətləri təmsil edən 240 üzvü vardır. Sonra Kəmaləddin Heydərov çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərindən danışmışdır. Bildirilmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır. Bu gün ölkədə təkcə neft sektoru deyil, qeyri-neft sektoru da inkişaf edir. Ölkə iqtisadiyyatının bütün sahələrinə investisiya qoyulur və xarici iş adamları üçün əlverişli şərait yaradılmışdır. K.Heydərov rəhbərlik etdiyi nazirliyin yaradılması, funksiyaları, strukturu, fövqəladə hallar və təbii fəlakətlər zamanı xilasetmə işlərinin yüksək səviyyədə aparılması üçün görülən işlər barədə məlumat vermişdir. Görüşdə Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söz açılmış, bir sıra layihələrin təqdimatları keçirilmişdir. Tədbirin sonunda K.Heydərova yanğınsöndürən maşının souvenir modeli və Azərbaycan haqqında "100 sual, 10 cavab" kitabı təqdim olunmuşdur.