Dünən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans öz işinə başlamazdan öncə, konfrans nümayəndələri və qonaqlar rayonun mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri və əklillər qoyublar. Sonra konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlayıb.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən geniş məruzə ilə çıxış edib: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası möhtəşəmliyi və mütəşəkkilliyi ilə regionda ən güclü siyasi təşkilat kimi qəbul edilməkdədir. Artıq YAP 19 ildir ki, Azərbaycanın inkişafı naminə uğurlu, qalib addımlarla irəliləyir. Bu gün partiyamızın Sədri, Prezident İlham Əliyevin istiqamət götürdüyü siyasi-iqtisadi strategiya Azərbaycan xalqının daha xoşbəxt və firavan həyatına hesablanmış müdrik siyasətin uğurlu davamıdır".
Konfransda həmçinin, YAP Ucar rayon təşkilatının nəzarət-təftiş qrupunun sədrinin hesabat məruzəsi dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, YAP-ın sıraları ilbəil daha da genişlənir, artır və hazırda təşkilatın sıralarında 560 mindən çox üzv mövcuddur.
Daha sonra məruzələr ətrafında çıxış edən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının fəalları görülmüş işlərin qənaətbəxş hesab edilməsini, nəzarət-təftiş qrupunun hesabatının nəzərə alınaraq, təsdiq edilməsini təklif etmişlər.
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının konfransının işində iştirak edən YAP Siyasi Şurasının üzvlərindən Milli Məclisin Aqrar-Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatı Mirkazım Kazımov, Milli Məclisin Ucar rayonundan seçilmiş deputatı Elton Məmmədov və Ucar rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmişlər.
Konfransda YAP Ucar rayon təşkilatının 31 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir. Şəhla Abdullayeva yenidən yekdilliklə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri seçildi. Konfransın sonunda qərar layihəsi oxundu və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edildi.
R.RƏSULOV