PDF Oxu

Sosial

  • 21

YAP - yalnız qələbələrə   imza atmış siyasi təşkilatdır

YAP - yalnız qələbələrə imza atmış siyasi təşkilatdır

Dünən Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının VII konfransı keçirildi. Konfransda millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. Konfrans nümayəndələri ilk öncə rayonun mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun qarşısına əklil, gül dəstələri düzüblər. Sonra konfrans "Asiman" şadlıq evində öz işinə başladı. Dövlət himni səsləndikdən sonra konfransı giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ötən dövr ərzində rayon təşkilatının həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini vurğuladı. Bildirdi ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir".

R.Şabanov bildirdi ki, YAP Tərtər rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir: "Yarandığı gündən respublikamızın ictimai-siyasi həyatında alternativsiz rol oynayan, YAP öz monolitliyi ilə daim öndə gedən siyasi təşkilat olaraq, bir daha sübut etdi ki, bu partiya tarixi zərurətdən yaranmışdır".

YAP Tərtər rayon təşkilatı 84 ərazi ilk partiya təşkilatında 4754 nəfər partiya üzvlərini özündə birləşdirdiyini söyləyən R.Şabanov ötən hesabat dövründən bu günə kimi 1786 nəfər üzv qəbul edildiyini vurğuladı: "Bu da əvvəlki hesabat dövrü ilə müqayisədə 971 nəfər çoxdur. Partiya üzvlərinin 2721 nəfəri və ya 51 faizi qadın, 1070 nəfəri gənc, 2041 nəfəri və ya 43 faizi ali təhsillilərdir".

Tədbirdə rayon təşkilatının nəzarət-təftiş qrupunun üzvü Xeyri Həcər, rayon təşkilatının qadınlar şurasının sədri Xatirə Məmmədova, rayon təşkilatının gənclər birliyini sədri Elvin Umudov, rayon telekommunikasiya qovşağının rəisi Rüfət Qurbanov, partiya veteranı Sayəddin Musayev, Bəyimsarov ərazi ilk partiya təşkilatının sədri Surxay Hüseynov çıxış edərək, hesabatı qənaətbəxş qiymətləndirdilər.

Tədbirdə Milli Məclisin komitə sədri deputat Nizami Cəfərov YAP-ın yaranma tarixinə və ötən 19 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərə toxunub. Onun sözlərinə görə, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. N.Cəfərov YAP Tərətər rayon təşkilatının işini yüksək qiymətləndirərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Konfransda, həmçinin, təşkilati məsələlərə baxıldı. Ramiz Şabanov yekdilliklə yenidən YAP Tərtər rayon təşkilatının sədri seçildi, eləcə də, təşkilatın 31 nəfər şura üzvləri, 13 nəfər idarə heyətinin üzvləri, 5 nəfər nəzarət-təftiş qrupunun üzvləri seçildi.

Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdi. Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olundu.

R.KAMALQIZI

Digər xəbərlər