Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi
Dünən Xətai rayon icra hakimiyyəti (RİH) və YAP Xətai rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Anım mərasimindən öncə tədbir iştirakçıları Xətai rayonunda Ulu Öndərin adını daşıyan parka gələrək, Onun abidəsi önünə gül-çiçək dəstələri düzdülər, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir YAP Xətai rayon təşkilatının qərargahında davam etdirildi. Tədbirdə çıxış edən Xətai RİH başçısı Razim Məmmədov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışdı. R.Məmmədov vurğuladı ki, zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, Onun xalqı naminə gördüyü işlərin möhtəşəmliyi daha aydın görünür.
R.Məmmədov qeyd etdi ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Azərbaycan xalqının iradəsini, arzusunu ifadə edərək "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət qəbul etdi. Məhz bu tarixi müraciətdən və xalqın təkidli tələbindən sonra Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdı:"Bununla da Azərbaycan xalqı öz xilas yolunu tapdı. Bu gün təkcə bölgələrdə deyil, bütün türk dünyasında dahi şəxsiyyət Heydər Əliyev böyük etiramla yad edilir. Bizim də bugünkü toplantımız Heydər Əliyevə-Azərbaycanı xilas edən müdrik şəxsiyyətə həsr edilib."
Sonra çıxış edən akademik Bəkir Nəbiyev Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrdən danışdı: "Mən Ümummilli Lider Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. Təbii ki, bu görüşlərdən zəngin təəssüratlarla ayrılmışam. Bu görüşlərin böyük bir hissəsi Onun sovet dönəmində ölkəyə rəhbərlik etdiyi illərə təsadüf edir. Ümumiyyətlə, Onun yürütdüyü daxili və xarici siyasət, atdığı qətiyyətli addımlar Azərbaycan xalqının uğurlu gələcəyinə, insanların firavanlığına xidmət edir. Ulu Öndərin diplomatik fəaliyyəti, həyata keçirdiyi neft siyasəti və s. bunu deməyə əsas verir."
Milli Məclisin komitə sədri Ziyad Səmədzadə isə qeyd etdi ki, Onun Ulu Öndər Heydər Əliyevlə ilk tanışlığı 1973-cü ilə təsadüf edir. "Tədbirlərin birində O, məni Kənd Təsərrüfatı İnstitutunun direktoru vəzifəsinə təyin etdi. Təbii ki, bu mənim üçün gözlənilməz oldu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev hələ sovet illərində ölkəyə rəhbərlik edərkən iqtisadiyyatın inkişafı istiqamətində mühüm işlər görüb. O bildirirdi ki, Azərbaycan hər zaman digər sovet respublikalarından öndə olmalıdır. Onun yürütdüyü siyasət Azərbaycanın uğurlu sabahına istiqamətlənmişdi. Heydər Əliyev neftlə zəngin olan ölkələrin yolunu getmədi, ancaq onların təcrübəsini öyrəndi. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması bu həqiqəti bir daha ortaya qoydu. Ulu Öndərin düşünülmüş və məntiqli siyasəti nəticəsində yeni neft strategiyası uğurla icra olundu. Özəl sektor inkişaf etdirildi. Neft Fondu yaradıldı. Yeni iqtisadi sistemin əsası qoyuldu. Büdcə xərcləri 20 dəfədən çox artırıldı."
Milli Məclisin komitə sədri Səməd Seyidov isə çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev haqqında danışmaq olduqca şərəfli və məsuliyyətlidir. O, Azərbaycanın rəmzidir, ölkəni qurub yaradan şəxsiyyətdir: "Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. 2001-ci ilin yanvar ayında Azərbaycan Ermənistanla eyni vaxtda Avropa Şurasına üzv qəbul olunur. Prosedura əsasən üzvlüklə bağlı sənədlər yığılaraq aprel ayına kimi təşkilata təqdim olunmalı idi. Yalnız bundan sonra üzvlük məsələsi rəsmiləşir. O zaman Ulu Öndər məni və Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevi qəbul edərək bildirdi ki, bu məsələ yanvar ayında öz həllini tapmalıdır. Təbii ki, prosedur belə deyildi. Ancaq bizə tapşırıq verilmişdi ki, məsələ həll olunmalıdır. O zaman üzvlüklə bağlı Azərbaycan ziyafət təşkil etmişdi. Mən bu ziyafəti yarımçıq tərk edərək, vaxt itirmədən təcili sürətdə sənədləri hazırladım və Azərbaycan elə yanvar ayında təşkilatın rəsmi üzvü qəbul olundu. Ermənistanın təşkilata üzvlüyü isə aprel ayında baş tutdu. Təbii ki, bu, Heydər Əliyev siyasətinin təntənəsi idi. Mən əminəm ki, biz indi, sabah, yüz illər bundan sonra da Heydər Əliyev ideyaları haqqında danışacağıq, onun əziz xatirəsini yad edəcəyik."
Milli Məclisin üzvü Ağacan Əbiyev də Ulu Öndərlə bağlı məqamlara diqqət yetirdi: "Təbii ki, mənim Ulu Öndərlə görüşlərim idman sahəsi ilə bağlıdır. O idmanın inkişafına hər zaman diqqət göstərirdi. Məhz Onun təşəbbüsü ilə ölkədə olimpiya hərəkatı başladı. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. 1996-cı ildə ilk dəfə olaraq Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında iştirak etdi və bir gümüş medal qazandı. O zaman Ulu Öndər Heydər Əliyev bizi qəbul etdi və çox böyük qayğı ilə yarışda ilk dəfə iştirak edən ölkə üçün nəticənin pis olmadığını bildirdi. Təbii ki, biz hər zaman onun diqqətini hiss etmişik. Elə bunun nəticəsidir ki, növbəti olimpiya oyunlarında Azərbaycanın qazandığı medalların sayı artmağa başladı."
Milli Məclisin deputatı Gülər Əhmədova da Heydər Əliyev ideyalarından söz açdı. "Ümummilli Lider Heydər Əliyevlə görüşmək xoşbəxtliyi mənə də nəsib olub. 1998-ci il prezident seçkilərində mən Onun seçki qərargahının üzvü olmuşam. 1999-cu ildə Gənclər Forumunda çıxışım, 2000-ci ildə millət vəkili seçilməyim məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində mümkün olub. Hesab edirəm ki, biz daim Heydər Əliyev ideyalarını yaşatmalı və bizdən sonrakı nəsillərə çatdırmalıyıq. Çünki müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin, ideyalarının bəhrəsidir."
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov isə Ulu Öndərin Azərbaycana olan sevgisindən danışdı: "Mənim Ümummilli Liderlə bağlı bir neçə kitabım var. Ümumiyyətlə, dünyaşöhrətli siyasətçi Heydər Əliyev hər zaman Azərbaycana bağlı olub, xalqını sevib. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı da ölkəsini Heydər Əliyev kimi sevməlidir. Ulu Öndər doğrudan da əvəzsiz, unikal bir insan idi. Hesab edirəm ki, Heydər Əliyev siyasəti, ideyaları Azərbaycan üçün bir kompasdır."
Ulu Öndərin şəxsi keyfiyyətlərindən danışan YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dünyaşöhrətli siyasətçi ilə görüşünü diqqətə çatdırdı: "Mən ilk dəfə 23 yaşımda Ulu Öndər Heydər Əliyevdən müsahibə götürmüşəm. Ümummilli Lider həyatı boyu Azərbaycan üçün çalışıb, misilsiz xidmətlər göstərib. Azərbaycan dövlətinin varlığı məhz Onun adı ilə bağlıdır. Ulu Öndər hər zaman taleyüklü məsələlərdə qətiyyətli addımlar atıb, ölkənin uğurlu gələcəyini təmin edib. Hesab edirəm ki, Heydər Əliyev irsi bundan sonra da Azərbaycanın gələcəyinə işıq salacaq. Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İllər keçdikcə Ulu Öndərin qurub yaratdığı Azərbaycan inkişaf edəcək, gələcəyə doğru inamla addımlayacaq." Anım mərasiminə həsr edilmiş tədbirin sonunda iştirakçılara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən tammetrajlı sənədli film nümayiş olundu.
R.NURƏDDİNOĞLU