Dünən YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
İlk olaraq, tədbir iştirakçıları Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Eldar Ağayev çıxışında Ümummilli Liderin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu və mövqeyini qeyd edib, Onun Azərbaycanın memarı və qurucusu olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan özünün inkişaf mərhələsini yaşamış və ən yeni tarixini yaratmışdır. Belə bir Şəxsiyyətin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Azərbaycan inkişaf mərhələsini yaşayaraq, dünya birliyi dövlətlərinə inteqrasiya olundu.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov qeyd etdi ki, Heydər Əliyevin gördüyü işlər bir elmi məktəbdir. Bu isə hələ də lazımi bir şəkildə araşdırılmayıb. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edildiyi zamandan respublika durğunluq dövründən çıxaraq böyük sahələrdə inkişaf yolunu müəyyənləşdirdi. Bizim dövlətin bünövrəsi məhz həmin illərdə qoyulmuşdur: "1990-cı illərdə Azərbaycanda yaşanan çətin vəziyyət, dövlətin dağıdılması, parçalanması məhz Heydər Əliyevin zəhməti ilə ərsəyə gələn bütün nailiyyətlərin məhvinə gətirib çıxardı. Sərt zaman, iqtisadi böhran, yaşanılan xaos 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sona yetdi. Həmin dövrdən başlayaraq, ictimai-siyasi vəziyyət bərpa olundu. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoyub, uğurlu nailiyyətlərə imza atdı".
Millət vəkili Eldar İbrahimov bu gün Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Bu gün hər birimizin Heydər Əliyevə borclu olduğumuzu söyləyən Eldar İbrahimov Ümummilli Liderin ətrafında sıx birləşərək, mövcud olan əmin-amanlığın, sabitliyin davamlı olmasında məsuliyyət daşıdığımızı vurğuladı. Bu gün Azərbaycanın BMT kimi bir qurumda sözünü deməyə qadir olması Heydər Əliyevin təməlini qoyduğu beynəlxalq siyasətin nəticəsidir.
Tədbirdə çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov Azərbaycan xalqı və dövləti qarşısında Heydər Əliyevin xidmətlərini diqqətə çəkdi. Onun sovet imperiyası dövründə yaşadığımız zaman ən böyük xidmətinin milli özünüdərk hissinin formalaşdırması olduğunu söyləyən millət vəkili həmin illərdə bunun çox çətin və məsuliyyətli olduğunu bildirdi. 1980-cı illərin sonunda milli hərəkat baş qaldıran zaman milli özünüdərk hissi həmin proseslərdə özünü büruzə verdi.
Tədbirdə çıxış edən 83 nömrəli məktəb-litseyin direktoru Yaqub Sadıqov, YAP Binəqədi rayon qadınlar şurasının sədri Məlahət İbrahimova Heydər Əliyevin Azərbaycanın həyatındakı rolu və mövqeyini diqqətə gətirib, belə bir şəxsiyyətin əbədiyaşarlığını vurğuladılar.
NƏZAKƏT