PDF Oxu

Sosial

  • 25

Dahiliyin ümumbəşəri nümunəsi

Dahiliyin ümumbəşəri nümunəsi

Dünən YAP Nəsimi rayon təşkilatı Nəsimi rayon icra hakimiyyəti ilə birgə Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirdi. İlk öncə tədbir iştirakçıları YAP Nəsimi rayon təşkilatının qərargahının foyesində qoyulan Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül-çiçək dəstələri qoyaraq, Ona ehtiramlarını bildirdilər.

Sonra YAP Nəsimi rayon təşkilatının akt zalında keçən anım mərasimində çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Ümummilli Liderin Azərbaycan tarixində, Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasındakı və inkişafındakı rolundan danışdı. N.Məhəməliyev böyük şəxsiyyət, müdrik lider, zəmanəmizin Ən Böyük Azərbaycanlısı Heydər Əliyevin zəngin və genişmiqyaslı fəaliyyətini bir neçə mərhələdə təhlil edərək, söylədi ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. N.Məhəməliyev Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin güclənməsinə və inkişafına nail olunduğunu söylədi: "Ulu Öndərin xalqımız qarşısında göstərdiyi ən böyük tarixi xidmətlərdən biri də Onun müstəqil Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin etməsidir. Hər bir zaman ən yüksək və ən mötəbər kürsülərdə belə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" deyən Ümummilli Liderimiz Heydər Əliyev, Ən Böyük Azərbaycanlı idi. Ümummilli Liderimiz Azərbaycanın müstəqil bir dövlət kimi əbədi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı. Bu gün ölkəmizin gələcəyi və tərəqqisi naminə atılan addımlar, imzalanan sazişlər Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi məktəbindən qaynaqlandığının bariz nümunəsidir".

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, Azərbaycanın müasir tarixinin memarı və yaradıcısı olan Heydər Əliyevin həyatını dəyişməsindən 8 il keçdiyini bildirdi: "Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 8 il keçir. Lakin yüz illər keçsə də, O, böyük şəxsiyyət, xalqımızın qəlbində tarix boyu əbədi olaraq yaşayacaq. Bu 8 il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi dühası hər zaman hiss olunur. Gün keçdikcə, illər ötdükcə Ümummilli Liderimiz Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğu insanlar üçün bir daha aşkarlanır. Ən vacibi isə budur ki, bu gün böyük şəxsiyyəti hər bir Azərbaycan vətəndaşı ürəkdən anır. Çünki Azərbaycanın XX əsrdəki tarixinin ən parlaq səhifələri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə Asiya Universitetinin rektoru Cəlil Nağıyev, YAP Nəsimi rayon gənclər birliyinin sədri Sərraf Hüseynov çıxış edərək, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövləti qarşısıdakı böyük xidmətlərinin olduğunu söylədilər. Çıxış edənlər onu da vurğuladılar ki, bu 8 il ərzində xalq öz liderini bir an belə unutmayıb. Təbii ki, illər keçsə də, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan naminə gördüyü işləri hər bir vətəndaş qürur hissi ilə xatırlayacaq. Anım mərasiminin sonunda Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər