Dünən Səbail rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Dram Teatrında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
İlk əvvəl tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra dahi insan, əbədiyaşar Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirildi.
Sonra anım mərasimində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş nitq söylədi: "Türk dünyasının böyük oğlu, müasir və müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından artıq 8 il ötür. Azərbaycan xalqı hər zaman Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir. Onun adı xalqımızın yaddaşında əbədi həkk olunmuşdur. Çünki Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani dəyərləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur".
A.Əsgərov onu da vurğuladı ki, bu gün bizi sevindirən ən əsas amil odur ki, indi Ulu Öndərimizin ölməz ideyaları ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Doğma Azərbaycanımız bu gün hərtərəfli tərəqqi yolundadır. Ümummilli Liderimiz Heydər Əliyev həmişə qürur hissi ilə deyərdi: ""Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, Mən Azərbaycanlıyam..." Bu gün xalqımız Heydər Əliyev kimi Ümummilli Liderimizlə, zamanın fövqündə dayanan dahi insanla daim öyünür, fəxr edir, qürur duyur, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır. Bu onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və Ulu Öndərimizin yolu xalqımızı yeni - yeni uğurlara, zəfərlərə aparır".
Sonra anım mərasimində xalq artistləri Laləzar Mustafayeva və İlham Əsgərov Heydər Əliyevə həsr olunmuş poemadan parçalar söylədilər. Həmçinin, mərasimdə xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, əməkdar artist Təyyar Bayramov Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş mahnılar ifa etdilər. Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Eldar İbrahimov, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, millət vəkilləri Fəttah Heydərov, Elton Məmmədov, Fuad Muradov, Jalə Əliyeva, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, genelar-mayor Mirzə Almasov, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Auditorlar Palatasının sədri Vahid Novruzov və başqaları iştirak etdilər.
RƏFİQƏ KAMALQIZI