Lənkəran Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyevin elm və təhsil strategiyası" mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl universitetin professor-müəllim heyəti və tələbələr Heydər Əliyev Xatirə Parkında dahi rəhbərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Konfrans "Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbi"ndə davam etdirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov demişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan elmi və təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcübəyə əsaslanaraq inkişaf edir. Rektor sözünə davam edərək bildirmişdir ki, Lənkəran Dövlət Universiteti bu gün ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib. O, daha sonra qeyd etmişdir ki, ölkəmizin müxtəlif müəssisə və təşkilatlarında çalışan məzunlarımız Ümummilli Lider Heydər Əliyev kursuna sadiq olduqlarını əməli fəaliyyətləri ilə sübut edirlər. Deyilmişdir ki, universitetdə 1500-dən çox tələbə təhsil alır. 300 nəfərədək gənc yeni ildə ali məktəbi bitirəcəkdir.
Universitetin dosenti, dil və ədəbiyyat kafedrasının müdiri Yədulla Ağazadə müzakirə olunan məsələ ilə əlaqədar məruzə edərək, bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müasir, müstəqil Azərbaycan Respublikası Onun siyasi kursunun davamçısı cənab İlham Əliyev tərəfindən regionda ən nüfuzlu və qüdrətli dövlətə çevrilib. Elm və təhsilin inkişafı istiqamətində uğurlu addımlar atılıb.
Filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı Ulu Öndər Heydər Əliyevlə görüşlərindən danışıb və dahi rəhbərə həsr etdiyi şeirini söyləyib.
YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının sədri iqtisad elmləri namizədi Tofiq Paşayev, universitet Valideynlər Şurasının sədri Sərhad Məmmədov respublikamızın iqtisadi, sosial və mədəni sahələrində, o cümlədən elm və təhsildə qazanılan nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu gün də uğurla həyata keçirildiyini vurğuladılar.
Tələbələrdən Aytəkin Məmmədli, Günay Musayeva və başqaları Ümummilli Lider Heydər Əliyev ideyalarına daim sadiq qalacaqlarını bildirdilər. Sonra konfrans iştirakçıları universitetdə fəaliyyət göstərən Heydər Əliyev Xatirə Muzeyinin eksponatlarına baxmışlar.
Tədbirdə rayon təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Rövşən RƏSULOV