Dünən Samux rayon icra hakimiyyəti YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi ilə bağlı elmi-praktiki konfrans keçirib. Konfrans iştirakçıları əvvəlcə rayonun Heydər Parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə tər çiçək dəstələri düzüblər.
Samux rayon icra hakimiyyətinin akt zalında davam edən konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Konfransı giriş sözü ilə Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev açaraq, Ulu Öndər Heydər Əliyevin ömür yolunun, Onun həyat məktəbinin vətənini, torpağını sevən hər bir azərbaycanlı üçün örnək, nümunə olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev bizdən 8 ildir cismən ayrılsa da, uğurlu daxili və xarici siyasəti, bəşəri ideyaları Azərbaycanda yaşayır və qalib gəlir: "Yaşadığımız günlər, aylar, illər təsdiq edir ki, Ulu Öndər Heydər Əliyev yolu Azərbaycanı xoş gələcəyə aparır. Məhz ona görədir ki, Onun daxili və xarici siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün, zamanın tələblərinə uyğun, yaradıcılıqla davam etdirilir".
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən, Onun millətinə olan dərin və tükənməz sevgisindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycan dövləti özünün müstəqil siyasəti ilə bütün dünyada aparıcı mövqeyə möhkəm iradəyə malikdir. Məhz bunun da kökündə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün strateji xəttin və Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində mümkün olduğunu bildirən G.Bayramov ölkəmizin işıqlı və aydın bir gələcəyin gözlədiyini də dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.
Sonra çıxış edən natiqlər Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən, Böyük İnsanın beynəlxalq aləmdə hörmətlə qarşılanan xarici siyasətindən, doğma vətənimizin müstəqilliyini daimi, dönməz, əbədi etməsindən fəxrlə danışdılar. Qeyd etdilər ki, Ulu Öndərimiz Heydər Əliyevin canı qədər sevdiyi Azərbaycan bu gün bütün dünyaya günəş kimi işıq saçır.
Aytən